Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 24-27 fevral 2021-ci il tarixində saat 21:00-da Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı-Tarixi Ədalət” adlı virtual sərgi keçiriləcək.
"Report" xəbər verir ki, sərgidə nümayiş olunan əsərlər zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, Xocalıdakı mülki insanların məqsədyönlü şəkildə kütləvi məhvinə yönəlmiş qanlı cinayətləri, lakin buna baxmayaraq şəhərin müdafiəsi zamanı qeyri-bərabər şərtlərdə düşmənə qarşı dinc əhalinin göstərdiyi mərdliyi, döyüşən əsgərlərimizin şücayətini, xalqımızın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirir. Son 44 günlük müharibə zamanı rəşadətli Azərbaycan ordusunun düşmənin silahlı qüvvələrini məhv etməsi, torpaqlarımızın işğaldan azad edilməsi Xocalı faciəsinin qurbanlarının da qisasının döyüş meydanında alındığını göstərdi.
Sərginin virtual ekspozisiyasında Nazim Məmmədov, Bayram Qasımxanlı, Fuad Qafarov, Cəmil Quliyev, Mirzəağa Qafarov, Nazim Rəhmanov kimi rəssamların Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərləri, eyni zamanda, “Xocalı - şəhid şəhər” adlı müsabiqənin yekun sərgisinin iştrakçılarının bəzi işləri yer alacaq.