Xalq artisti Ramiz Novruz dəfn olunub - YENİLƏNİB-3

Xalq artisti Ramiz Novruz dəfn olunub - YENİLƏNİB-3 Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi keçirilir.
Mədəniyyət siyasəti
21 Fevral , 2023 15:49
Xalq artisti Ramiz Novruz dəfn olunub - YENİLƏNİB-3

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.

"Report" xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

14:47

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Aktyorun cənazəsi alqışlar sədaları altında yola salınıb.

Hazırda mərhumun cənazəsi dəfn olunmaq üçün Yasamaldakı "Qurd qapısı" qəbiristanlığına aparılır.

Xalq artisti Hacı İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, R.Novruzun vəfatı Azərbaycan mədəniyyəti, teatr sənəti üçün böyük itkidir: “Ramiz çox böyük yaradıcılıq yolu keçib, tamaşaları xalqın sevincini qazanıb. Bu isə hər bir sənətkara, artistə müvəffəq olmur. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.

Əməkdar artist Dilarə Əliyeva aktyorun xəstələndikdən sonra hamı ilə əlaqəni kəsdiyini deyib: "Çox zarafatcıl insan idi. Təəssüf ki onun kimi bir insanı itirdik, Ramiz bəy mənim yadımda zarafatları, gülər üzü ilə qalacaq".

12:36

Xalq artisti Ramiz Novruz Yasamalda, "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Bu barədə “Report”a mərhumun yaxınları məlumat verib.

11:29

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, Yeni Yasamalda, mərhumun yaşadığı evdə keçirilən vida mərasimində, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak edirlər.

Qeyd edək ki, R.Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonu Səmədabad qəsəbəsində anadan olub.

1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət teatrına göndərilib. O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub.

Ramiz Novruz xalqımız üçün ağrılı-acılı mövzularda bir neçə pyes yazıb. İlk pyesi olan “At ilinin birinci ayı” adlı 20 Yanvar hadisələrindən bəhs edən pyesi 1992-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1996-cı ildə yazdığı “Hələ sevirəm deməmişdilər” pyesi 2002-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Bundan əlavə Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən azərbaycan dilinə tərcümə edərək rejissor kimi uğurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu ifa edib.

Beynəlxalq teatr festivallarının mükafatçısı olub.

Ramiz Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. Görkəmli sənətkar “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov, “Cavad xan” filmində general Sisyanov və s. bir sıra filmlərdə müxtəlif yaddaqalan obrazlar yaradıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Son xəbərlər

Orphus sistemi