Yuxarı
    Bağlamaq

    Xalq artisti Əlibaba Məmmədova həsr olunan musiqi albomu nəşr edilib

    Albom Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə işıq üzü görüb

    Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunan yeni musiqi albomu nəşr edilib. Bu barədə "Report"a Fonddan məlumat verilib.

    Alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.

    Kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Yüksək poliqrafik səviyyədə hazırlanmış albom Əlibaba Məmmədovun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.

    Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin gözəl nümunəsi olan yaradıcılıq yolunu əks etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi