Vyetnamda "Multikulturalizm: sülhə və sabitliyə aparan yol” mövzusunda konfrans keçirilib

Vyetnamda "Multikulturalizm: sülhə və sabitliyə aparan yol” mövzusunda konfrans keçirilib Multikulturalizmin müasir dövrdə etnik, dini, irqi zəmində baş verən münaqişələrin həllində böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb
Mədəniyyət siyasəti
18 May , 2016 20:23
Vyetnamda Multikulturalizm: sülhə və sabitliyə aparan yol” mövzusunda konfrans keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın Vyetnamdakı səfirliyi və Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam mədəniyyətlərinin paralelləri. Multikulturalizm: sülhə və sabitliyə aparan yol” mövzusunda konfrans keçirilib. 

"Report"un məlumatına görə, konfransda Vyetnamın dövlət qurumlarının və kommunist partiyasının nümayəndələri, elm xadimləri, gənc tədqiqatçılar, tələbələr, Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov tədbiri açaraq, hər iki xalqın mədəniyyətlərindəki oxşarlıqların dostluq münasibətlərinin daha da möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb, Vətənə və millətə sevgi, ailə dəyərlərində oxşarlıq, qonaqpərvərlik, milli adət-ənənələrin qorunub saxlanması və digər oxşarlıqları nümunə kimi göstərib. Səfir həmçinin Azərbaycanın milli bayramı olan Novruz bayramının və Vyetnamda ay təqvimi ilə keçirilən Yeni İl bayramının qeyd olunmasında bir çox oxşarlıqların mövcud olduğunu diqqətə çatdırıb. A.İmanov bu konfransın Azərbaycanın mədəniyyəti, adət-ənənələri haqqında məlumatların Vyetnam xalqına çatdırılmasında böyük rol oynadığını qeyd edib və hər iki xalqın bir-biri haqqında daha geniş məlumat əldə etdikcə dostluq əlaqələrinin daha da inkişaf edəcəyini vurğulayıb. Səfir 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb və multikulturalizm sahəsində ölkəmizdə həyata keçirilmiş dövlət siyasəti barədə məlumat verib. 

Azərbaycan Tarixinin və Mədəniyyətinin araşdırmaları Mərkəzinin direktoru Dao Xuan Tien çıxışında Azərbaycan və Vyetnam xalqlarının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu, uzun illər xarici işğalçılara qarşı mübarizə aparan hər iki xalqın öz suverenliyini, mədəniyyətini, adət-ənənələrini qoruduğunu və hər iki xalqın dünyada sülhsevər xalq kimi tanındığını vurğulayıb. O, uzun sürən müharibədən sonra müxtəlif sahələr üzrə Vyetnamın inkişafına öz töhfəsini vermiş azərbaycanlı mütəxəssislərin fəaliyyətini, xalqlarımız arasında fədakar dostluq münasibətlərinin bariz numunəsi kimi qiymətləndirib və Vyetnam xalqının bu yaxşılığı heç zaman unutmayacağını vurğulayıb. D.X.Tien hazırda hər iki ölkənin sürətlə inkişaf etdiyini, müasirləşdiyini, bununla belə, öz tarixi abidələrini və mədəniyyət nümunələrini qoruyub saxlamasının böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Vyetnam Xarici İşlər Nazirliyinin Mədəni Diplomatiya və YUNESKO idarəsinin rəis müavini, səfir Vu Binh çıxışında son illər iki ölkə arasında əməkdaşlığın inkişafından söhbət açıb, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfərini bu baxımdan donüş nöqtəsi olduğunu vurğulayıb. O, Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətinin artıq bir örnəyə çevrildiyini və bu sahədə Vyetnamla təcrübə mübadiləsinin faydalı olacağını bildirib. Vu Binh multikulturalizmin xüsusilə müasir dövrümüzdə etnik, dini, irqi zəmində baş verən münaqişələrin həll olunmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Konfransda həmçinin Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktor müavini Van Dinh Ung, Hanoy Sosial Elmlər və Texnologiya Universitetinin Professoru və Vyetnam Şairlər Assosiasiyasının sədri Bui Minh Tri, Vyetnam Dövlət Universitetinin professoru Nguyen Chu Hoi, Geologiya və Mineral Resurslar İnstitutunun professoru Vo Xuan Dinh, Vyetnam Ədliyyə Nazirliyinin "Demokratiya və Hüquq" qəzetinin jurnalisti Phung Ngoc Duc, “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibi Tran Thi Phuong Thao çıxış ediblər.

Konfrans zamanı 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) keçirilmiş musiqi festivalında vyetnamlı tələbələr ansamblının ifa etdiyi Q.Qarayevin “Xəzər neftçiləri haqqında” mahnının lent yazısının nümayiş etdirilməsi və Azərbaycanda təhsil almış Dang Thi Lan Anh tərəfindən T.Hacıyevin “Tələbə” mahnısının canlı ifası tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Son xəbərlər

Orphus sistemi