Vyanada Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert keçirilib

Vyanada Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert keçirilib Konsertdə Rəşid Behbudovun ifa etdiyi ən məşhur mahnılarından video görüntülər də nümayiş olunub
Mədəniyyət siyasəti
15 Dekabr , 2014 00:15
Vyanada Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert keçirilib
Bakı. 15 dekabr. REPORT.AZ/ Məşhur Azərbaycan müğənnisi, aktyor, SSRİ Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 99-cu ildönümü münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində xatirə konserti keçirilib.

"Report"-un AzərTAc-a istinadən verdiyi məlumata görə, “Ənənə ilə klassikanın görüşü” adlı xatirə konsertinin təşkilatçısı Vyanada fəaliyyət göstərən “Mədəniyyətlərin görüşmə məkanı” ictimai qurumudur.

Açılış mərasimində çıxış edən qurumun idarə heyətinin üzvü və musiqi direktoru Fərəh Tahirova “Esperantella” festivalı çərçivəsində reallaşan konsertin XX əsrdə Azərbaycan vokal məktəbinin təkrarolunmaz nümayəndələrindən biri, müstəsna və ecazkar səsə malik Rəşid Behbudova həsr olunduğunu qeyd edib.

R.Behbudovun həyat və yaradıcılıq yoluna işıq salan F.Tahirova, bu virtuoz musiqiçinin səsində Şərqlə Qərbin, milli və xarici musiqinin, Avropa və Asiyanın uğurlu sintezinin öz əksini tapdığını vurğulayıb. Daha çox klassik mahnılar ifa edən R.Behbudovun öz repertuarında Azərbaycan xalq ritm və lirikası ilə italyan “Belcanto“ musiqi texnikasının kombinasiyasına müvəffəq olduğu diqqətə çatdırılıb.

Konsertdə Azərbaycan Dövlət Filarmoniyası və “Üns“ Yaradıcılıq Səhnəsinin solisti Zöhrab Gürcü Rəşid Behbudovun repertuarına daxil olan unudulmaz mahnıları, eləcə də Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Onu fortepianoda Bakı Musiqi Akademiyasının konsertmeyster-müəlliməsi Dilarə Kərimova müşayiət edib. D.Kərimova, həmçinin Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini solo ifa edib.

Konsertdə Rəşid Behbudovun ifa etdiyi ən məşhur mahnılarından video görüntülər də nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi