Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilib.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, V.Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində anadan olub.
Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub. "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb.
1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazmağa başlayıb.
Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilib. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulub. Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılıb. "Dərd məni dilləndirir" publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanıb.