“Yaxşı kinoların çəkilməməsi böyük faciələrə yol aça bilər".
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və "Azərbaycanfilm" kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində Avropa Kino Akademiyasının üzvü, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayev deyib.
Xalq artistinin sözlərinə görə, kino sənayesinin yaranmasına böyük ehtiyac var: "Bu yaxınlarda məndən soruşdular ki, kino olmasa, nə olar? Dedim ki, "kino olmasa, böyük fəlakət baş verməz, lakin yaxşı kinonun olmaması, böyük faciələrə yol aça bilər”.
“Mən həm də tamaşaçıyam. Uşaqlıqdan kinoya baxmağı sevirəm. Çalışıram ki, kinorejissor kimi maraqlı filmlər çəkək. Bəyin oğurlanması filmi 1985-ci ildə çəkilib. Bu gün də dildən düşmür və hələ də reytinqlidir", - o qeyd edib.
V.Mustafayev vurğulayıb ki, Kino forumu Azərbaycan kinosunun inkişafı üçün proseslərin getdiyini göstərdi: “Kino sənayesi yaranmalıdır. Mən bunun əksinə inana bilmərəm”.