Ukraynanın Azərbaycandakı səfirliyi “Ukrayna və Azərbaycan: diplomatik münasibətləri 102 yaşında” adlı foto müsabiqə elan edib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin açıqlamasında qeyd olunur.
Bildirilir ki, 1919-cu il fevralın 8-də Ukrayna Xalq Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə diplomatik münasibətlər yaradıblar: "Sonradan ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il fevralın 6-da diplomatik münasibətlərimiz bərpa olundu”.
Müsabiqəyə Azərbaycan vətəndaşları və Azərbaycanda yaşayan Ukrayna vətəndaşları dəvət olunur. İştirakçılar fevral ayının 5-dək səfirliyin “Facebook” səhifəsinə abunə olub orada iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini daha dolğun əks etdirən foto, şəkilə dair qısa mətn yerləşdirməli, Ukraynanın Azərbaycandakı səfirliyi olduğunu qeyd etməlidir.
Müsabiqənin ən maraqlı fotoya, ən çox verilən like və repostların sayına görə iki qalibi müəyyənləşdiriləcək. Qaliblərə hədiyyə təqdim olunacaq.