Türk dünyasının mədəniyyət paytaxtı Şəkidə kitab sərgisi açılıb

Türk dünyasının mədəniyyət paytaxtı Şəkidə kitab sərgisi açılıb “Türk xalqlarının müasir ədəbiyyatı” adlı kitab sərgisi ilk tədbirdir
Mədəniyyət siyasəti
29 Fevral , 2016 19:25
Türk dünyasının mədəniyyət paytaxtı Şəkidə kitab sərgisi açılıb

Bakı. 29 fevral. REPORT.AZ/ Türk dünyasının mədəniyyət paytaxtı seçilən Şəki şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planına əsasən “Türk xalqlarının müasir ədəbiyyatı” mövzusunda kitab sərgisi açılıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Şəki Dövlət Dram Teatrında təşkil edilən sərginin açılışında şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, türk dünyasının UNESCO-su hesab edilən Beynəlxalq Türk Mədəniyyət Təşkilatının – TÜRKSOY-un türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, ortaq türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq və dünyaya tanıtmaq istiqamətində səmərəli iş apardığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, təşkilatın ən uğurlu layihələrindən biri də 2012-ci ildən başlayaraq türk dünyasının mədəniyyət paytaxtlarının seçilməsidir. Fərəhli haldır ki, ötən il Türkmənistanın Mari şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri daimi şurasının 33-cü toplantısında Şəki şəhəri 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Şəkinin paytaxt elan edilməsinin həm bu şəhərin, eyni zamanda, Azərbaycanın zəngin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacağını vurğulayan Elxan Usubov bildirib ki, artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Şəki Şəhər İcra Hakimiyyəti tədbirlər planı hazırlanıb, ilin loqotipi təsdiq edilib.

Diqqətə çatdırılıb ki, sərgidə müxtəlif türk xalqlarının dillərində çap olunan 500-dək kitab nümayiş olunur. Bu kitabların içərisində həm elmi, həm də bədii və uşaq ədəbiyyatı var.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Könül Cəfərova mədəniyyətin insanları milliyyətindən və dinindən asılı olmayaraq birləşdirən vahid bir sahə, istiqamət olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan dövləti bu istiqaməti əsas tutaraq, mədəniyyətimizin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda təbliği və tanıdılması üçün müxtəlif layihələr, sərgilər, konfranslar təşkil edir. Şəki şəhərinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də bu istiqamətdə aparılan uğurlu siyasətin nəticəsidir.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar.

Tədbir çərçivəsində, həmçinin Şəkinin zəngin mədəni irsinə həsr olunan “Məftun edən şəhər” adlı kitabın təqdimatı da keçirilib.

Qeyd edək ki, “Türk xalqlarının müasir ədəbiyyatı” adlı kitab sərgisi tədbirlər planını çərçivəsində keçirilən ilk tədbirdir.

Son xəbərlər

Orphus sistemi