“Əzəli torpağımız olan Şuşaya mütləq qayıdacağımız kimi, Tbilisidəki “Şuşa”nın adını da yaşatmalıyıq”
Ötən il sentyabrın 4-də saytımızda dərc olunan “Report”un Gürcüstan bürosunun Tbilisidəki keçmiş Şuşa küçəsi ilə bağlı “Tbilisidəki “Şuşa”nı da itirmişik - erməni hiyləsinin gizli izləri” adlı araşdırma yazısı bu cümlə ilə bitirdi.
Məqalənin işıq üzü görməsindən 2 ay 4 gün sonra – noyabrın 8-də şanlı Ordumuz Qarabağın incisi Şuşanı Ermənistanın 30 ilə yaxın davam edən işğalından xilas edərək şəhəri azadlığa qovuşdurdu. Yazının son cümləsinin birinci hissəsindəki Şuşaya qayıtmaq arzumuz nəhayət ki həyata keçdi. İkinci hissədə ifadə olunan istəyin reallaşdırılması üçün isə küçə ilə bağlı araşdırmalarımız davam etdirilir.
“Report”un yerli bürosu mövzu ilə bağlı bu dəfə Tbilisi üzrə araşdırmaçı, Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktorunun müavini Mirian Xositaşvili ilə həmsöhbət olub.
O bildirib ki, Tbilisi tarixi və çoxmədəniyyətli şəhər kimi həm orta əsrlərdə, həm də müasir dövrdə seçilib:
“Tbilisidə müxtəlif şəhərlərin və məşhur insanların şərəfinə adlandırılan çoxlu küçə var. Buna bənzər fakt ondan ibarətdir ki, şəhərdə Şuşa küçəsi də olub. Bu küçə barədə məlumatlar XX əsrin əvvəllərinə aiddir. Küçənin adı Şuşa şəhərinin adı ilə bağlıdır. Tbilisi və Şuşa tarixən bir-biri ilə əlaqəli olub. Məhz bu əlaqələrin şərəfinə Tbilisinin köhnə hissəsindəki küçəyə Şuşa adı verilib”.
M.Xositaşvilinin sözlərinə görə, Tbilisi və Şuşanı, həmçinin iki şəhərin sakinlərini uzun əsrlər ərzində əlaqələr, ilk növbədə, iqtisadi münasibətlər bağlayıb: “Küçənin adı bir neçə dəfə dəyişib. Hazırda bu küçə Qertsel Baazovun adını daşıyır. Tarixi mənbələrdə küçə ilə bağlı məlumatlara az rast gəlinir. Həmin mənbələrdən biri İrakli Abaşidzenin müəllifi olduğu “Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı kitabdır”.
Tədqiqatçı küçənin adı ilə bağlı araşdırmaları davam etdirməyi vacib hesab edir: “Araşdırmaları davam etdirmək çox yaxşı olardı. Küçəyə Şuşa adının verilməsi təşəbbüsünün kimə məxsus olması və adın dəyişdirilməsi ilə bağlı tarix də böyük maraq doğurur. Hesab edirəm ki, küçələrin köhnə adlarına hörmətlə yanaşılmalıdır. Belə ki, bu tarixdir və tarixə xüsusi diqqət göstərilməlidir. Biz Tbilisinin tarixi küçələri ilə bağlı araşdırmaları davam etdiririk və müxtəlif fikirləri öyrənməkdə maraqlıyıq”.
Araşdırmalar çərçivəsində Gürcüstan paytaxtında küçələrin adına məsul olan dövlət qurumu - Tbilisi Şəhər Şurasına da müraciət olunub. Şuranın Adlar və Simvolika üzrə Komissiyası katibliyinin rəhbəri Mamuka Baliaşvili bildirib ki, Qertsel Baazov küçəsinin tarixi barədə yeganə məlumat və istinad edilən mənbə İ. Abaşidzenin “Tbilisi – Küçələr, prospektlər və meydanlar” kitabıdır. Qurum rəsmisi qeyd edib ki, küçənin adları ilə bağlı əlavə araşdırmaların aparılmasına ehtiyac var.
Burada adıçəkilən kitabda Qertsel Baazov küçəsi barədə məlumatı bir daha xatırlatmaq yerinə düşər:
“Qertsel Baazov küçəsi – Tbilisinin köhnə rayonunda (Xarpux), İoseb Qrişaşvili küçəsindən dağın yamacınadək uzanır. Küçə XIX əsrdə salınıb. 1903-cü ildə Tbilisi Şurası tərəfindən küçələrin siyahısına Şuşi küçəsi kimi daxil edilib, bu adla küçələrin 1922 və 1934-cü illərdəki planlarında da qeyd olunub. 1960-cı ilin küçələrin soraq kitabçasında Şuşina küçəsi kimi göstərilib. 1995-ci ildə Baazov küçəsi adlandırılıb.
Şuşa Azərbaycanda şəhərdir. Qədim feodal dövründə Şuşa, yəni Qarabağ xanlığı mövcud olub. 1813-cü ilin Gülüstan müqaviləsinə əsasən, İran xanlığı Rusiyaya verib”.
Küçənin tarixi adını yaşatmaq məqsədilə “Şuşa” adından qalan yeganə nişanə - 9 saylı köhnəlmiş lövhəciyi xatirə lövhəsi halına gətirərək üzərində gürcü və ingilis dillərində bu sözlər yazıla bilər: “Bu küçə 1903-1995-ci illərdə Azərbaycanın hazırkı mədəniyyət paytaxtı Şuşa şəhərinin adını daşıyıb”.
Burada bir məqam mütləq vurğulanmalıdır. Tbilisini elektrik enerjisi ilə təchiz edən “Telasi” SC şəhərdə işığın verilməsində məhdudiyyətlərin olacağı küçələr barədə yaydığı xəbərdarlıq xarakterli məlumatlarında Şuşa küçəsinin adına hələ də rast gəlinir. Şirkətin məlumatlarında həmin küçə bu formada keçmiş deyil, hazırkı Şuşa küçəsi kimi qeyd olunur: “Şuşa və Baazov küçələrinin sakinləri...”.
Beləliklə, məlum olur ki, Şuşa küçəsinin adı ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır və küçənin tarixini hərtərəfli tədqiq etməyə həqiqətən də böyük ehtiyac var. Araşdırmaların nəticəsi ilk yazıda qeyd etdiyimiz Tbilisidəki “Şuşa”nın adını da yaşatmaq diləyinin həyata keçməsi üçün təkzibedilməz əsas vermiş olar.
Araşdırma yazını bir təkliflə yekunlaşdırırıq. Qarabağın tacı - Şuşanın tarixən nəinki Gürcüstanın paytaxtı Tbilisi, həmçinin Qori şəhəri ilə də sıx əlaqələri mövcud olub. Bu münasibətlər daha çox humanitar sahəni əhatə edib. Belə ki, Şuşada doğulan Azərbaycanın görkəmli şəxsiyyətləri - Üzeyir bəy Hacıbəyov, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Süleyman Sani Axundov, Fərhad Ağazadə Qori Müəllimlər Seminariyasında təhsil alıblar. Azərbaycana dönən dahi həmvətənlərimiz qarabağlı ziyalıların elitasını formalaşdırıblar. Şuşa-Qori tarixi münasibətlərini əsas tutaraq şəhərlər arasında əlaqələri daha da gücləndirmək, qarşılıqlı mədəni tədbirlərin təşkili, Şuşa küçələrindən birinə Qori, Qoridəki küçələrdən birinə isə Şuşa adının verilməsi təqdirəlayiq olardı. Bu istiqamətdə fəaliyyətə xüsusi dinamikanın verilməsi üçün hər iki şəhərin qardaşlaşması təşəbbüsü də diqqətəlayiq təklif kimi nəzərə alına bilər.