Tbilisidəki Atəşgah - türklərin məscidə, ermənilərin hinə çevirdiyi ziyarətgah - VİDEO

Tbilisidəki Atəşgah - türklərin məscidə, ermənilərin hinə çevirdiyi ziyarətgah - VİDEO Gürcüstanın paytaxtı Tbilisinin qədim mərkəzi hissəsində atəşpərəstlik dövrünə aid yeganə məbəd var – Atəşgah.
Mədəniyyət siyasəti
30 İyun , 2021 10:21
Tbilisidəki Atəşgah - türklərin məscidə, ermənilərin hinə çevirdiyi ziyarətgah - VİDEO

Gürcüstanın paytaxtı Tbilisinin qədim mərkəzi hissəsində atəşpərəstlik dövrünə aid yeganə məbəd var – Atəşgah. Tarixi abidə adı ilə yanaşı forması ilə də Bakının Suraxanı rayonundakı Atəşgah məbədini xatırladır. Məbədin adı “atəş” – od, “gah” – yer kimi izah edilsə də, “h” hərfi olmadan gürcü dilində “Atəşka”, ingiliscə “Ateshga”, rus dilində isə “Атешга” kimi təqdim olunur.

“Report”un yerli bürosunun əməkdaşları unikal abidəni ziyarət ediblər və məbədin tarixi ilə bağlı maraqlı faktlar üzə çıxarıblar.

Dəqiq yaşı bilinməyən abidə

Kərpicdən tikilən qədim ziyarətgah şəhərin Kalaubani rayonunda, Qomi küçəsi 3 ünvanında – yuxarı Betlemi kilsəsinin 100 metrliyində yerləşir. Qədim gürcü ədəbiyyatında bu məbədin adı “Atroşani” və “Artoşani” kimi qeyd olunub.

Müxtəlif tarixi mənbələrə əsasən, Atəşgah V-VII əsrlərdə inşa olunub və yüzilliklər ərzində görkəmini və təyinatını dəfələrlə dəyişib. 1724-cü ildə türklərin tikilini məscidə çevirdiyi, 1735-ci ildə isə Nadir şah tərəfindən dağıdılığı bildirilir.

Abidənin çar Vaxtanq Qorqosalinin hökmranlığı dövründə tikilməsi ilə bağlı fərziyələr də var. Lakin arxeoloji qazıntılar zamanı Tbilisinin bu çarın dövründən öncə də mövcudluğu müəyyən edilib. Bu səbəbdən məbədin V əsrə qədər inşa olunması ehtimalları güclənib.

Od məbədinin Tbilisidə inşasına müxtəlif izahlar verilir. Məbədin tikilməsi şəhərdə yaşayan zərdüştilər icması ilə əlaqələndirilir. Digər ehtimallara görə isə Atəşgahın inşası Hindistana qovulan iranlılarla bağlıdır. İranlı tacirlər İpək yolu ilə karvanlarla Tbilisidən keçərkən bu məbədi ziyarət edirlərmiş.

Yerli tarixçilərin fikrincə, Atəşgahın bir hissəsi səcdəgahla birgə yerin altındadır. Onların sözlərinə görə, mədəni irs obyektinin tarixi kifayət qədər tədqiq olunmayıb. Abidənin dəqiq yaşını müəyyən etmək üçün xüsusi metodların tətbiqi tələb olunur, lakin bununla bağlı xərclər Gürcüstan üçün həddindən artıq yüksək qiymətləndirildiyindən bu işlər həyata keçirilməyib.

Məbədin məscid, hin və yaşayış yerinə çevrilməsi

Abidənin qalıqlarını fərdi yaşayış evləri əhatə edir. Atəşgaha daxil olmaq yalnız Anton Dğeubadze adlı sakinin həyətindən mümkündür. Onun evi və məbədin bir ümumi qapısı var. Məbədi ziyarət etmək istəyən yerli sakinlər və turistlər A.Dğeubadzenin gözlənilməz qonaqlarına çevrilirlər. O, uzun illərdir məbədin ştatdanəkar nəzarətçisi kimi fəaliyyət göstərir. Dğeubadzelər evdə olmayanda ziyarətçilərin Atəşgaha baş çəkməsi mümkün olmur.

Nəzarətçinin məbəd barədə məlumat verəcəyi gözlənilsə də, o, buna heç bir həvəs göstərmir. Atəşgahla özümüz bələdçisiz yaxından tanış oluruq. Abidəyə daxil olarkən ilk diqqəti çəkən məbədin ilkin görünüşünü əks etdirən taxta maket və fotoşəkil olur. Ziyarətgahda üzərində “Atəşgah Fondu” sözləri yazılan ianələr qutusu da yerləşdirilib. Məbədin tarixi barədə hər hansı bir məlumat əldə etmək üçün heç bir bukletə rast gəlinmir. Abidə barədə qısa məlumatı yalnız yaxınlıqdakı divara vurulan lövhədəki QR-kod vasitəsilə əldə etmək mümkündür.

Ətrafda yaşayan sakinlərlə söhbət zamanı məlum olur ki, A.Dğeubadzenin ailəsi Atəşgah yaxınlığındakı evdə ötən əsrin 70-ci illərinin əvvəllərində məskunlaşıblar. Həmin vaxta qədər məbəd anbar və yaşayış yeri kimi istifadə olunub. Tikilinin həyətində müəyyən dövrdə ermənilər də yaşayıblar və onlar ziyarətgahda toyuq saxlayırlarmış. Uzun illər abidə o qədər baxımsız vəziyyətdə qalıb ki, daxili hissəsində ağaclar belə bitib.

Qeyri-rəsmi məlumatlara əsasən, Türkiyə tərəfi məbədi bərpa edərək mədəniyyət mərkəzi yaratmaq istəyib. Yerli sakinlər isə Atəşgahın məscidə çevrilməsi ilə bağlı planların olduğunu iddia ediblər və bu səbəbdən bərpa işləri baş tutmayıb.

2016-cı ildə məbədin əks tərəfində üçmərtəbli iaşə obyektinin inşası planlaşdırılıb. ICOM (Beynəlxalq Muzeylər Şurası) təşkilatının Gürcüstan nümayəndəliyi bu layihənin təsdiqlənməsinə qarşı çıxaraq petisiya yayıb. Sənəddə qeyd olunub ki, binanın tikilməsi Tbilisinin ən qədim mədəni irs abidələrindən biri olan Atəşgahın ətrafına zərər vuracaq. ICOM-un səyləri nəticə verib və obyektin inşası dayandırılıb. Təşkilat Tbilisi meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi və Mədəni İrs Agentliyinə ünvanladığı müraciətdə abidənin mühafizəsini təmin edəcək dövlət qurumunun müəyyən olunması ilə bağlı çağırış edib.

Araşdırmalar zamanı məlum olub ki, çoxəsrlik yaşa malik abidənin mühafizəsi və qorunması üzrə məsuliyyət hələ də Gürcüstanın hər hansı bir dövlət qurumuna həvalə olunmayıb. Statusuna uyğun qorunmayan Atəşgahda qonşuluqda yaşayan sakinlər yalnız təmizlik işləri aparırlar.

Ziyarətgahın geri qaytarılan statusu

1986-cı ilin noyabrın 14-də SSRİ-nin Nazirlər Sovetinin qərarı ilə Atəşga milli əhəmiyyətli mədəni irs abidəsi kateqoriyasına daxil edilib. Lakin 2007-ci ilin oktyabrın 1-də məbədin yalnız mədəni irs statusu saxlanılıb.

2007-2009-cu illərdə Norveçin Xarici İşlər Nazirliyinin dəstəyi ilə ICOM tərəfindən abidədə müəyyən bərpa və konservasiya işləri aparılıb. Məbədə qalxan pilləkənlər təmir olunub, interyerə taxta platforma vurulub və gümbəzin yerində şəffaf dam örtüyü quraşdırılıb.

2017-ci ilin fevralında Gürcüstanın o zamankı Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü ilə tarixi tikiliyə əvvəlki statusu qaytarılıb.

İstifadə olunmayan turizm potensialı

Ziyarətgahla bağlı qeyri-müəyyənliklər abidənin turizm potensialını zəiflədir. Lakin Atəşgah Gürcüstana səfər edən turistləri cəlb edən əsas tarixi məkanlardan biri olaraq qalır. Yerli sakinlərin sözlərinə görə, məbədi ən çox iranlılar ziyarət edir.

Tbilisidəki Atəşgahın qorunması üçün ən yaxşı üsullardan biri ondan tarixi əhəmiyyətinə uyğun olaraq düzgün istifadədir. Qədim məkana turist cəlb etmək və bununla abidənin saxlanılmasına vəsait toplamaq üçün onun Azərbaycanla Gürcüstan arasında hazırlanan birgə turizm paketinə daxil edilməsi effektiv vasitələrdən biri kimi nəzərdən keçirilə bilər. Bölgəyə üçüncü ölkələrdən səfər edən əcnəbi qonaqlar üçün Bakı və Tbilisidə atəşpərəstlərin dini inanc və sitayiş yeri olan fərqli taleli iki eyniadlı tarixi abidə ilə tanışlıq ziyarətin ən maraqlı hissəsi ola bilər.

Son xəbərlər

Orphus sistemi