Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Bu barədə "Report"a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Belə ki, Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib. Konfransda Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizin Koreyadakı səfirliyinin məsul şəxsləri iştirak ediblər.
Noyabrın 16-dək davam edəcək konfrans "İcmaya əsaslanan gələcəyə yönəlik tarixi şəhər" mövzusunda keçirilir. Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyət protokolu imzalanıb.
Həmçinin, konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar və TŞL-nın baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokava ilə də ikitərəfli görüşlər keçirilib.