Şövkət Ələkbərovanın məzarı ziyarət olunub
- 20 oktyabr, 2022
- 08:37
Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi münasibətilə Fəxri Xiyabanda məzarı ziyarət olunub.
"Report" xəbər verir ki, xalq artistinin xatirəsini yad etmək üçün Mədəniyyət Nazirliyinin və Mədəniyyət İdarəsinin nümayəndələri, Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagird kollektivi, Xalq artistinin sənət dostları, həmçinin bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq artistinin məzarı üzərinə güllər qoyulub, xatirəsi yad edilib.
Ziyarət mərasimində çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, evlərində hər zaman Şövkət Ələkbərovanın musiqiləri dinlənilib: "Şövkət xanımın Qarabağ şikəstəsi ifası çox fərqlidir. Mən düşünürəm ki, hər sənətkar zövq yarada bilmir. Şövkət Ələkbərova bütün janrlar da çox yaxşı ifa edirdi. O, ifa etdiyi mahnıları ilə şəxsiyyətinin dəyərlərini ifadə edirdi. Odur ki, Şövkət xanımın quruduğu məktəb davamlı olsun. Onun səsi hər zaman qulaqlarımızdadır".
Xatırladaq ki, Şövkət Ələkbərova 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.