Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına yekun vurulub.
"Report" xəbər verir ki, noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın yekunlarına dair brifinq keçirilib.
Əvvəlcə festivalla bağlı videorolik nümayiş etdirilib.
Daha sonra Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı, UİF-nin layihə rəhbəri Əli Nuriyev, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev və Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi Strateji inkişaf sektorunun müdiri Elgün Əliyev festival haqqında məlumat veriblər.
Qeyd olunub ki, 22 nominasiyada (18 fərdi, 4 kollektiv) üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən 27 minədək müraciət olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi iyul-avqust aylarını əhatə edib. Festivalın final mərhələsi isə sentyabrın 1-9-da Bakıda altı mədəniyyət müəssisəsində - M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.
Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub.
İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən RMİ-nin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya (xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib.
Avqustun 26-27-də Laçın Şəhəri Günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində çıxışı zamanı qeyd edib ki, bu festival uşaqlarda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq məqsədi daşıyıb: "Qoyulmuş məqsədə nail ola bildik. Çünki layihəmiz ölkədə, sözün əsl mənasında, mədəniyyət festivalına çevrildi. Festival uşaqlarla yanaşı, regionlar üzrə mədəni müəssisələrin də fəallıq göstərməsinə, təcrübə toplamasına təkan verdi".
Festival çərçivəsində 22 nominasiya üzrə 408 qalib təltif olunub.
"Uşaq İncəsənət Festivalında 27 min nəfər iştirak edib".
"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, festival 22 nominasiya üzrə keçirilib, mədəniyyətin bütün sahələrini əhatə edib: "I mərhələdə işğaldan azad olunan Zəngilanın Ağalı kəndində belə bir festival keçirilib. II mərhələdə festival regionlarda keçirilib. Müxtəlif bölgələrdə gənclərin fəaliyyəti üçün şərait yaradılıb. Laçın Şəhəri Günündə yay düşərgəsi təşkil olunub, orada uşaqlara master-klaslar, fərdi sərgilər keçirilib".
Şöbə müdiri bildirib ki, festivala 27 min iştirakçı cəlb olunub: "Biz bununla lazımi dataları, potensial gənclərin məlumatlarını topladıq. Tezliklə bu data ictimaiyyətə açıqlanacaq"