İlk Yaradıcı Psixologiya Simpoziumunun Bakıda keçirilməsi mühüm hadisədir.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında simpoziumun iştirakçısı, səs terapevti İlhamə Babayeva deyib.
“Əslində, bu, bütövlükdə Azərbaycan üçün çox böyük addımdır, çünki yaradıcılıq və bədii sahə ilə yanaşı, elmi sahənin də birləşməsi, insanların ən sadə üsullardan istifadə etməklə necə sağalmasına başlanılıb”, - o qeyd edib.
Onun sözlərinə görə, simpozium iştirakçıları öz daxili dünyaları ilə ünsiyyət qurmağın yollarını tapa biləcəklər: “Bu gün emosional və mental baxımdan çox çətin gündür. Son zamanlar müşahidə etdiyimiz kimi, hamımız bir növ kataklizm içərisindəyik. Bütün bunlar qlobal olaraq qorxulara səbəb olur. Beləliklə, narahatlıq artır və bu və ya digər şəkildə psixi vəziyyətimizi uyğunlaşdırmalıyıq. Bu gün bir insan üçün psixoloji yardım əlçatan olmasa belə, o, ən sadə üsullardan, hətta internetdən istifadə edərək daxili vəziyyətini uyğunlaşdıran müəyyən müalicəvi musiqilərə qulaq asa bilər”.
İ.Babayeva vurğulayıb ki, bu gün müəyyən hers tezlikləri vasitəsilə səs müalicəsinə dair müasir üsullar var: “İmkanımız olanda bunu dinlədikdən sonra bədənimizi, şüurumuzu qaydasına salaraq dincəlirik. Bu, ən vacib amildir, çünki şüurumuzun ritmləri belə işləyir. Müəyyən səs təsirləri ilə beynimiz müəyyən bir meditasiya vəziyyətinə çatır. Bunlar beynin ritmləridir”.
O əlavə edib ki, bu vəziyyət insan orqanizmində təbii regenerasiyaya səbəb olur.
Səs terapevti söyləyib ki, bu vəziyyətdə bədən, həmçinin emosional və psixi vəziyyət yenilənməyə başlayır.