Yuxarı

"Sərkərdə" filminin təqdimatı keçirilib

Naxçıvan teatrında görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub

Bakı. 21 avqust. REPORT.AZ/ Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında hərbi xadim, general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə bağlı tədbir keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Tədbir Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 aprel tarixli sərəncamına uyğun olaraq qeyd edilib.

Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.

Qeyd olunub ki, Cəmşid Naxçıvanski müsəlmanlardan ibarət süvari eskadronunun komandiri kimi Birinci Dünya müharibəsi cəbhələrində qəhrəmanlıq göstərib, müharibə başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib. 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə divan tutan erməni quldur dəstələri Cəmşid Naxçıvanskinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilib və qısa müddətdə orada əmin-amanlıq yaradılıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Cəmşid Naxçıvanskini Bakıya dəvət edib və ilk milli atıcı diviziyanın yaradılmasını ona tapşırıb.

1921-1931-ci illərdə milli atıcı diviziyasının komandiri olan Cəmşid Naxçıvanski 1931-1934-cü illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyada təhsil alıb, akademiyada gənc sərkərdələr nəslinin hazırlanmasında gərgin fəaliyyət göstərib.Bütün bunlara baxmayaraq, 30-cu illərinin repressiyası görkəmli sərkərdə Cəmşid Naxçıvanskidən də yan keçməyib. Əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu ona qarşı təqiblər artır, haqsız ittihamlar irəli sürülürdü. 1938-ci ilin may ayında həbs olunan Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarılıb.

Cəmşid Naxçıvanski əsl bəraətini ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tarixi yaddaşa və ədalətə qayıdış siyasəti nəticəsində alıb. 1973-cü ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, Naxçıvanda generalın ev-muzeyi yaradılıb, xatirəsi əbədiləşdirilib.Naxçıvan Teatrında təşkil edilıən tədbirin sonunda Naxçıvan Dövlət Televiziyasının Cəmşid Naxçıvanskinin yubileyi münasibətilə hazırladığı "Sərkərdə" televiziya filminə baxış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi