Yuxarı

Sektor müdiri: "Azərbaycan dilində alt yazısı olmayan film heç bir kinoteatrda nümayiş etdirilə bilməz"

Azərbaycana gətirilən filmlərə qadağalar qoyulub

Bakı. 24 fevral. REPORT.AZ/ "Azərbaycana gətirilən filmlərlə bağlı müəyyən qadağalar qoyulub". "Report" xəbər verir ki, bunu jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

O bildirib ki, qadağalara əsasən, Azərbaycana gətirilən filmlərin yaş kateqoriyası müəyyən ediləcək: "Məsələn, zorakılıq və pornoqrafiyanı təbliğ edən filmlərə qadağa qoyulub".

Sektor müdirinin sözlərinə görə, xaricdən Azərbaycana gətirilən 12 minə yaxın film qeydə alınıb: "Bundan sonra dövlət reyestrindən keçməyən filmlər kinoteatrlara yol ala bilməyəcək".

Y.Şeyxov qeyd edib ki, filmlərin dövlət reyestrindən keçməsi bundan sonra qəti şəkildə Mədəniyyət və Turizm Nazirliyində qeydə alınacaq: "Nazirlik bununla bağlı qəti addımlar atır. Aprelin 15-dək Azərbaycana xarici filmləri gətirən bütün distribütor şirkətlərinə vaxt verilib ki, filmlərin tərcüməsi ilə bağlı bütün məsələlər həll olunsun. Yəni Azərbaycan dilində alt yazısı olmayan film heç bir Azərbaycan kinoteatrında nümayiş etdirilə bilməz. Əgər belə hal baş versə, kinoteatrlar 2 min manat cərimə olunacaqlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi