Şəkidə qazıntılar zamanı qədim yaşayış məskəninin qalıqları aşkar edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ilk dəfə olaraq Fazıl kəndində qazıntılar zamanı arxeoloji dəstə qədim qəbirstanlıqla yanaşı qədim yaşayış məskəninin izlərini təstiqləyən artefaktlar tapılıb.
Beynalxalq arxeoloji ekspedisiya çərçivəsində qazıntı zamanı arxeoloqların diqqətini sarı rəngdə, orta ölçüdə torpaq qatı çəkib. Təmizləmə zamanı 2 min yaşı olan duluzçu sobası da üzə çıxıb.
Arxeoloji ekspedisiyanın rəhbəri Zaur Həsənov "Report"a bildirib ki, aşkar olunan tapıntı unikallığı ilə seçilir: "Vaxtı ilə burada tapılan çoxlu sayda və bir-birindən zəngin gil qablar, mətbəx əşyaları gətirilmə deyil, məhz Fazıl kəndində istehsal olunub. İstehsal isə oturaq məskən, şəhər mədəniyyəti deməkdir".
Qeyd edək ki, tapılan əşyalar qeydiyyata alındıqdan sonra Fazıl kəndindəki "Labirint "adlanan yeraltı muzeydə nümayiş olunacaq. Tapıntıların kataloq və izahatı beynəlxalq nəşrlərdə çap ediləcək.
Fazıl kəndində arxeoloji qazıntılar gələn il də davam edəcək.