Yuxarı
    Bağlamaq

    Səfir Litva Milli Kitabxanasına Azərbaycanla bağlı kitablar bağışlayıb

    Həsən Məmmədzadə kitabxanada Azərbaycan bölməsinin və ya guşəsinin yaradılması imkanı ilə maraqlanıb

    Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Martinas Majvidas adına Litva Milli Kitabxanasının baş direktoru Renaldas Gudauskas ilə görüşüb.

    Səfirlikdən “Report”a verilən məlumata görə, H.Məmmədzadə Azərbaycan və Litva arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin yaradılmasının zəruriliyini vurğulayıb və kitabxanaya Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, ictimai həyatına aid, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 50-dan çox Azərbaycan, litva, ingilis və rus dilində kitab bağışlayıb.

    Milli kitabxananın baş direktoru Renaldas Gudauskas kitablara görə, öz minnətdarlığını bildirərək, hazırda kitabxananın fondunda yeddi milyondan artıq kitabın olduğunu qeyd etmiş və kitabxananın tarixi, son zamanlar kitabxananın inkişafı istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

    Səfir H.Məmmədzadə kitabxanada Azərbaycan bölməsinin və ya guşəsinin yaradılması imkanı ilə maraqlanıb və bu bölmənin səfirlik tərəfindən mütəmadi olaraq yeni kitablarla təchiz ediləcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

    Milli kitabxananın baş direktoru Renaldas Gudauskas onlarda belə bir təcrübənin olmadığını, ancaq məsələyə baxmağa hazır olduqlarını bildirib.

    Sonda Litva Milli Kitabxanasının baş direktoru səfiri kitabxanada sərgi olunan nadir kitablar və oxu zalları ilə tanış edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi