Sara Qədimovanın məzarı ziyarət olunub

Sara Qədimovanın məzarı ziyarət olunub Bu gün Azərbaycan xanəndəsi, Azərbaycan SSR-nin xalq artisti Sara Qədimovanın doğum günüdür.
Mədəniyyət siyasəti
31 May , 2022 12:12
Sara Qədimovanın məzarı ziyarət olunub

Bu gün Azərbaycan xanəndəsi, Azərbaycan SSR-nin Xalq artisti Sara Qədimovanın doğum günüdür.

“Report” xəbər verir ki, Xalq artistinin anadan olmasından 100 il ötür.

Mərhum xanəndənin doğum günü ilə əlaqədar olaraq I Fəxri xiyabanda məzarı ziyarət olunub, xatirəsi anılıb.

Mərasimdə mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhum Xalq artistinin oğlu, müğənni Akif İslamzadə anası ilə bağlı xatərələrini bölüşüb: "Ana olaraq əziyyətimizi çox çəkdi və şəxsən məndən nigaran getdi. Anamızı itirəndən ağzımız dada gəlməyib, çünki əlinin duzuna öyrəşmişdik. O, heç kimlə müqayisə oluna bilməz. Fəxr olunası ana idi. Yeganə xanəndə idi ki, yeddi dəstgahda ifa edib".

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova bildirib ki, S.Qədimova Azərbaycanın milli musiqi mədəniyyətində dərin iz buraxmış xanandədir: "Bu il özəl bir ildir. Sara xanımın, o cümlədən bir sıra sənət xadimlərinin 100 illik yubileyidir. Mədəniyyət Nazirliyi olaraq sənətkarları hər zaman yad etmək, tanıtmaq bizim başlıca vəzifəmizdir".

Qeyd edək ki, Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb.

S.Qədimova 2005-ci ilin mayın 12-də dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi