“Sakura ağaclarının Azərbaycanda çıçəklənməsi” adlı tədbir keçirilib

“Sakura ağaclarının Azərbaycanda çıçəklənməsi” adlı tədbir keçirilib "Sakuranın beş əsas və bağbanlar tərəfindən calaq edilərək yetişdirilmiş 200-dən çox növü məlumdur"
Mədəniyyət siyasəti
14 Aprel , 2017 19:01
“Sakura ağaclarının Azərbaycanda çıçəklənməsi” adlı tədbir keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Mərkəzi Nəbatat bağında Yaponiya səfirliyinin iştirakı ilə “Sakura (albalı) ağaclarının Azərbaycanda çıçəklənməsi” adlı tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbiri Sakura Azərbaycan-Yaponiya İctimai Birliyi təşkil edib.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin, Mərkəzi Nəbatət bağının, ictimaiyyət nümayəndələri iştirak edib.

İctimai Birliyin sədri Təranə Hüseynova bildirib ki, Yaponiyada sakuranın beş əsas və bağbanlar tərəfindən calaq edilərək yetişdirilmiş 200-dən çox növü məlumdur: "Nəbatət bağında 8 ədəd Sakura ağacı əkilib. İndi onlar çiçəkləyib, bu ağaclar hibritdir, meyvə vermir. Bakıda hava şəraiti çox küləkli olduğu üçün ağacın çiçəkləri tez tökülüb. Bu ağaclar burada təcrübə üçün əkilib, növbəti dövrlərdə Nəbatət bağının digər ərazilərində də bu ağaclardan əkilməsi planlaşdırılır".

O qeyd edib ki, Yaponiyada hər il aprel ayının ilk günləri sakuranın çiçək açması festivalı keçirilir: "Sakura Yaponiyaya Himalaydan gətirilib və cəmi 7-10 gün çiçəkləyir. Həmin zaman yaponlar üçün çox müqəddəsdir. “O-hanami” Yaponiyada rəsmi bayram sayılmasa da, yaponlar tərəfindən geniş qeyd edilir. Həmin vaxt Yaponiyada olan əcnəbilər də bu bayrama böyük həvəslə qatılırlar".

Sədrin sözlərinə görə, sakura ağacları susuzluğa davamsızdır: "Mütəmadi olaraq suvarılmalıdır".

T.Hüseynova deyib ki, Nəbatət bağında ancaq sakura ağacları deyil, yapon heyvası, yapon əzgili və müxtəlif yapon çiçəkləri var. 

Son xəbərlər

Orphus sistemi