UNESCO-nun mədəni irslə bağlı siyahısına türk xalqlarının 47 maddi mədəniyyət abidəsi daxil edilib. Halbuki, siyahıya salınacaq türk mədəni irsinə məxsus abidələrin sayı bundan daha çoxdur.
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, hər bir xalqın varlığı onun maddi və qeyri-maddi mədəni irsi ilə ölçülür: “Bunları itirən xalq mədəni simasını itirir və tədricən məhv olmağa məhkumdur. Türk xalqlarının qədim birgə mədəniyyəti mövcuddur. Avrasiyada, o cümlədən Avropanın bir sıra yerlərində geniş yayılmış türk xalqlarının mədəniyyəti var. Böyük coğrafiyada yayılmış türk xalqlarının mədəniyyətləri də coğrafi nöqteyi-nəzərdən bir-birindən fərqlənir. Lakin həmin mədəni irsin oxşarlıqları da mövcuddur”.
Ş.Mustafayev söyləyib ki, bu gün böyük mədəni irsə sahib çıxaraq onu bütün dünyada tanıtmaq və təbliğ etmək əsas prioritetlərdən biri olmalıdır: “Bu baxımdan UNESCO ilə münasibətlərin davamlılığı və genişləndirilməsi əsas istiqamətlərindəndir. Aidiyyəti qurumlar daha ciddi əməkdaşlıq etməli və ortaq mədəni irsimizi dünyada tanıtmaq üçün fəaliyyətlərimizi genişləndirməliyik”.
Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.