Moskvada Bülbülün 125 illik yubileyi qeyd olunub

Moskvada Bülbülün 125 illik yubileyi qeyd olunub Rusiyanın paytaxtı Moskvada Azərbaycan opera müğənnisi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş “Azərbaycan bülbülü” sərgisi keçirilib.
Mədəniyyət siyasəti
8 Dekabr , 2022 02:02
Moskvada Bülbülün 125 illik yubileyi qeyd olunub

Rusiya paytaxtı Moskva şəhərində yerləşən Rusiya Milli Musiqi Muzeyində görkəmli Azərbaycan opera müğənnisi, SSRİ xalq artisti, Azərbaycan peşəkar vokal xanəndəlik məktəbinin banisi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində müğənninin şəxsi əşyaları, diplomları, mükafatları, konsert proqramları və opera tamaşalarının təqdim olunduğu sərgi təşkil olunub.

Gecəni giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bülbülün sənətə və xalqına həsr etdiyi işıqlı ömür sürdüyünü qeyd edib. “O, İtaliyada təhsil aldıqdan, məşhur “La Skala” teatrında staj topladıqdan sonra vətənə qayıdıb və Azərbaycan, Avropa və Rusiya xanəndəlik məktəblərinin sintezini yaradaraq, vokal sənətinə yeni münasibətin əsasını qoyub. Xüsusi vurğulamaq istərdim ki, 1997-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Bülbülün 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verilib və sərəncamda Bülbül adına Vokal Müsabiqəsinin yaradılması haqqında ayrıca bənd olub. O vaxtdan bəri 8 belə müsabiqə keçirilib, onlardan 4-nə görkəmli müğənni İrina Arxipova rəhbərlik edib. Mən çox şadam ki, hazırda Azərbaycan incəsənətini dünyanın bir çox səhnələrində təmsil edən müğənnilər - Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva və digərləri bu müsabiqədən keçiblər”, - səfir bildirib.

Polad Bülbüloğlu həmçinin Azərbaycandakı Bülbülün ev-muzeyinin tarixindən də danışıb: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbül Muzeyi açılıb. Təəssüf ki, sonra 30 ilə yaxın fasilə yaranıb, indi isə Şuşada, onun doğulduğu evdə Bülbül Muzeyi yenidən fəaliyyət göstərir”.

Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov tədbirin əhəmiyyətindən danışıb. “Bu gün Bülbülün 125 illik yubileyinə həsr olunmuş sərginin açılması bizim üçün böyük sevinc və şərəfdir. Onun adı Azərbaycan və sovet musiqisi tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycanın yeni vokal məktəbinin yaradıcısı olan Bülbül öz yaradıcılığında səciyyəvi şərq ifaçılığı ilə Avropa ənənələrini birləşdirən ilk müsəlman müğənnisi olub. O, “Stalin” mükafatı, iki dəfə “Lenin” ordeni ilə təltif edilib, Azərbaycan milli musiqili teatrının yaradıcılarından biri olub”, - o söyləyib.

Müğənninin nəvəsi, dirijor Murtuza Bülbül sərginin təşkilindən danışıb. “Sərgi çox zəngindir. Burada görkəmli Azərbaycan opera ifaçısının həyatının bütün mərhələləri nümayiş etdirilir. Burada onun həm ictimai xadim kimi fəaliyyəti, həm də bilavasitə səhnədəki işi var. Belə nəslin nümayəndəsi olmaq mənim üçün böyük şərəfdir. Sərginin Moskvada - babamın tez-tez ziyarət etdiyi və mənim təhsil aldığım şəhərdə keçirilməsinə görə şadam”, - dirijor bildirib.

Tədbirdə Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərovanın ifasında Bülbülün repertuarından əsərlərin səsləndirildiyi konsert təqdim olunub. Konsert proqramına “Qarabağ şikəstəsi” muğamı ilə yekun vurulub.

Son xəbərlər

Orphus sistemi