Bakı. 15 mart. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Olqa Qolodets Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktor vəzifəsinə namizədliyini dəstəklədiyini bildirib.
“Report” xəbər verir ki, o, bunu martın 15-də TASS-ın müxbirinə deyib.
“Polad Bülbüloğlu çox gözəl insan və ictimai xadimdir. O, dünya mədəniyyəti, onun inkişaf tarixi haqqında dərin məlumat sahib olması ilə fərqlənir”, - deyə Olqa Qolodets vurğulayıb.
Məlumata görə, bir müddət əvvəl Rusiyanın elm və mədəniyyət xadimləri Polad Bülbüloğlunun YUNESKO-nun baş direktoru vəzifəsinə layiqli namizəd olduğunu bildiriblər.
Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Polad Bülbüloğlunun namizədliyini BMT-nin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə irəli sürüb. Seçkilər bu ilin payızında keçiriləcək.
Xatırladaq ki, seçkilər 2009-cu ildə baş direktor vəzifəsinə seçilən, 2013-ci ildə isə təkrar bu posta seçilən İrina Bokovanın səlahiyyətlərinin başa çatması ilə əlaqədar keçiriləcək. O, Şərqi Avropa ölkələrindən ümümdünya təşkilatında rəhbər olan ilk şəxs kimi seçilib. YUNESKO-nun qaydalarına görə ali vəzifəli şəxs iki dəfədən artıq seçilə bilməz.
Hazırda Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışır.