Yuxarı

RİİM və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli musiqi gününü birlikdə qeyd edib

İzləyicilər Azərbaycan xalq çalğı alətləri ansamblının ifalarını böyük həvəslə dinləyib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakıda yerləşən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi birlikdə Azərbaycanda Milli musiqi gününü qeyd edib.

"Report" xəbər verir ki, Muzeyin direktoru, Azərbaycanın əməkdar incəsənət xadimi Alla Bayramova çıxışında xatırladıb ki, Milli musiqi günü Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun doğum günündə qeyd olunur. O, Üzeyir Hacıbəyovun dünya musiqi mədəniyyətinin inkişafına töhfəsini verdiyini qeyd edib.

Sonra "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Aleksey Konnov toplaşanlara Ü.Hacıbəyovun məzunu olduğu və Sankt-Peterburqda yerləşən N.A.Rimski-Korsakov adına Konservatoriyanın tarixi barədə məlumat verib. O, yüz il əvvəl bəstəkarlığa yeni başlamış Ü.Hacıbəyovun məşhur "Arşın mal alan" əsərini məhz Sankt-Peterburqda yazdığını xatırladıb.

M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Üzeyir Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinə töhfələrdən danışıb.

Sonda sənətçilər konsert verib. Konsert proqramında Azərbaycanın xalq artisti Gülyaz Məmmədova, Azərbaycanın əməkdar artisti İlahə Əfəndiyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə, Bakı Musiqi Akademiyasının tələbəsi Atika Əliyeva, Akademiyanın məzunları olmuş Fəridə Qafarlı və Günel Qurşumova iştirak edib. İzləyicilər Azərbaycan xalq çalğı alətləri ansamblının ifalarını böyük həvəslə dinləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi