Yuxarı

Prezident İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur.

Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətə sanballı töhfə təşkil edir. Rəşid Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.

Dövlət başçısı Azərbaycan mədəniyyətinin inkişafı və təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkar Rəşid Behbudovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi