Quba Soyqırımı Memorial Kompleksində qanunsuz tikintiyə görə məhkəməyə müraciət edilə bilər

Quba Soyqırımı Memorial Kompleksində qanunsuz tikintiyə görə məhkəməyə müraciət edilə bilər Quba Soyqırımı Memorial Kompleksinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə məhkəməyə müraciət edilə bilər.
Mədəniyyət siyasəti
3 Oktyabr , 2022 19:26
Quba Soyqırımı Memorial Kompleksində qanunsuz tikintiyə görə məhkəməyə müraciət edilə bilər

Quba Soyqırımı Memorial Kompleksinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə məhkəməyə müraciət edilə bilər.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli oktyabrın 3-də Quba Soyqırımı Memorial Kompleksinini ziyarət zamanı məlumat verib.

Dövlət Xidmətinin rəhbəri bildirib ki, abidə-qoruğun qorunması, gələcək nəsillərə çatdırılması hər bir şəxsin mənəvi borcudur: "Kompleksin ərazisində həyata keçiriləcək hər hansı bir fəaliyyət ancaq qanunvericiliyin tələbləri çərçivəsində icra oluna bilər. Qoruğun mühafizə zonasında kompleksin fəaliyyət istiqamətindən kənar hər hansı bir hərəkət yolverilməzdir". O deyib ki, məsələnin həlli ilə bağlı müvafiq məhkəmə instansiyalarına da müraciət edilməsi istisna deyil.

A.Cəfərli Quba Soyqırımı Memorial Kompleksin fəaliyyətinin daha da gücləndirilməsi, yaranacaq analoji vəziyyətin operativ şəkildə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Quba rayonunda yerləşən Soyqırımı Memorial Kompleksi dünya əhəmiyyətli, dövlət tərəfindən qorunan abidə qoruğudur. Eyni zamanda azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən ideoloji mərkəzdir. Bir neçə gün öncə qoruğun mühafizə zonasında, muzey binası ilə üzbəüz istiqamətdə meşə zolağının üst hissəsində yerləşən ərazidə xəbərdarlığa baxmayaraq yaşayış evlərinin tikintisinə başlanılıb. Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər aidiyyəti dövlət qurumlarının operativ müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb.

Son xəbərlər

Orphus sistemi