Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur keçirilib

Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur keçirilib İnfoturu Mədəniyyət və Turizm Nazirliyi təşkil edib
Mədəniyyət siyasəti
19 Mart , 2016 17:51
Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur keçirilib

Bakı. 19 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna infotur təşkil olunub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

İnfoturda ölkəmizdə fəaliyyət göstərən bir sıra turizm şirkətləri və media nümayəndələri iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Qobustan Milli Tarix-Bədii Qoruğunun turizm əhəmiyyətindən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin 11 iyun 2007-ci il tarixli sərəncamı ilə bu ərazilər Milli Qoruq elan olunub. Elə həmin il Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib. Belə infoturların keçirilməsi ölkə turizminin inkişafına öz müsbət təsirini göstərir.

Mart ayından başlayaraq hər həftənin cüt günləri Qobustan Milli Tarix-Bədii Qoruğuna turlar təşkil olunur. Turların təşkil olunmasında əsas məqsəd həm yerli, həm də xarici turistləri qədim insan izləri, onların yaşayışı və həyat tərzinin əks olunduğu Qobustan Milli Tarix-Bədii Qoruğuna cəlb etməkdir.

İnfotur iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğu ilə yaxından tanış olub. Burada məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu müasir tələblərə uyğun olaraq ziyarətçilərin səfərlərinin maraqlı keçməsi üçün müxtəlif innovativ metodlardan istifadə edir və yeni layihələr hazırlayır. Bu istiqamətdə turist və ziyarətçilər üçün teatrlaşdırılmış səhnələr və oyunlar təşkil edilir. Tamaşaçılar isə interaktiv prosesin bilavasitə iştirakçısı olmaq imkanı əldə edirlər.

Kiçik yaşlı məktəblilər üçün “Şaman oyunu” təşkil olunub. Bu oyun vasitəsilə uşaqlar daş dövrünün həyat tərzi ilə tanış olur, Qobustanda qayalarda həkk olunmuş rəsmlərin – şaman, ovçu, ox və kaman, heyvanların daş dövrü insanlarının həyatında hansı önəmi daşıdığını əyani olaraq öyrənirlər.

Daha sonra qoruq ərazisində yerləşən muzeylə tanışlıq həyata keçirilib. Burada bildirilib ki, qoruq ərazisində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tikilən muzey və inzibati bina kompleksinin ümumi sahəsi 2 min 460 kvadratmetrdir. Yeni muzey binası 12 kompozisiya zalından ibarətdir. Muzeydə qoruq əməkdaşları üçün 15 xidməti otaq, kitabxana, fotolaboratoriya və elmi-tədqiqat şöbəsi fəaliyyət göstərir. Muzeyin girişində petroqliflərin qonaqlara təqdim edilməsi üçün şərait yaradılıb. Burada rəsmlərin halqavari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Müasir innovativ texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranları, maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D video və s. turistlərin ixtiyarındadır.

Qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə ətraflı informasiyalar əldə edə bilər. 

Son xəbərlər

Orphus sistemi