Yuxarı

Qəbələdə Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək

Festivala Azərbaycanın bölgələrindən, həmçinin 10-dək xarici ölkədən qonaq və iştirakçılar qatılacaq

Bakı. 17 avqust. REPORT.AZ/ Qəbələdə avqustun 27-də IV Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycanın bölgələrindən, həmçinin 10-dək xarici ölkədən qonaq və iştirakçıların qatılacağı festivalda münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Son illər müxtəlif beynəlxalq mədəni tədbirlərə, festivallara ev sahibliyi edən Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə gerçəkləşib. Həmin ildə festivalda respublikamızın 11, sonrakı il 20, 2015-ci ildə isə 30 şəhər və rayonundan, eləcə də beş xarici ölkədən şirniyyatçıların iştirak etməsi bu tədbirə marağın getdikcə artmasından xəbər verir.

Ötən il keçirilən beynəlxalq festivalda Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstan şirniyyatçıları məhsullarını nümayiş etdirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi