Yuxarı

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması üçün 5 milyon manat ayırıb

Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb

Bakı. 3 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamda xatırladılır ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu alıb. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırıb.

Sərəncam hazırda teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmaması, təchizatın müasir tələblərə cavab verməməsi nəzərə alınaraq imzalanıb.

Sənədə əsasən, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi