Praqada “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərginin açılışı olub

Praqada “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərginin açılışı olub Sərgi Azərbaycan və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən təşkil olunub
Mədəniyyət siyasəti
20 Yanvar , 2015 14:12
Praqada “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərginin açılışı olub

Bakı. 20 yanvar. REPORT.AZ/ Praqanın məşhur Luçerna sarayında “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərginin açılış mərasimi keçirilib. "Report"un məlumatına görə, sərgi Azərbaycan və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi, həmçinin Gürcüstan Tələbələri İttifaqının tərəfindən təşkil olunub.

Fevralın 2-dək davam edəcək sərgi qeyd olunan ölkələrin müstəqillik mübarizəsinin yatırılması məqsədilə keçmiş Sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş amansız cinayətlərin işıqlandırılmasından bəhs edir. Sərgidə, həmçinin 1990-cı ilin 20 yanvar tarixində Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, habelə Gürcüstan və Litva səfirliklərinin nümayəndələri çıxış edib və sözügedən hadisələrlə bağlı öz xatirələrini bölüşüb. Səfir F.Şəfiyev 1990-cı ilin 20 yanvar faciəsi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verərək, bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, onun öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu qeyd edib.

Sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib.

Sərgidə fəal iştirakı ilə seçilən Azərbaycan Tələbə Şəbəkəsi təşkilatının Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev 1990-cı ilin 20 yanvar faciəsi haqqında təbliğat işlərinin Praqada davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi