Hamamlar tarix boyu insanların həyatında müstəsna yer tutub, istirahət, ünsiyyət və sövdələşmələr üçün əlverişli məkan olub. Hazırda tarixi hamamların əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə istifadə olunur. Lakin Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun özünəməxsus abidələrindən olan Nüsnüs hamamı barədə bunu demək mümkün deyil. Çünki bu tarixi tikili ziyarətçilərdən daha çox bərpa olunması üçün mütəxəssislərin yolunu gözləyir.
Ordubadın Nüsnüs kəndində yerləşən hamam yeraltı hamamlar qrupuna aiddir. Abidə XIV-XV əsrlərdə inşa olunub və kəndin yuxarı hissəsində, dağın ətəyində yerləşir. Hamamın ətraf ərazisi Murqalan adlanır. Onun əsas hissəsi yerin altında, gümbəz və giriş qapısı isə yerin üzərindədir.
Hamama daxil olmaq üçün 12 pilləkən aşağı enməli olursan. Əsrlər keçsə belə, öz möhtəşəmliyini və qədimiliyini hələ də qoruyub saxlayıb. Bu hamamı digər orta əsr hamamlarından fərqləndirən əsas xüsusiyyət divarların, günbəzin və tağ tavanlarının dağ daşları ilə inşa olunmasıdır. Hamamın içərisi isə günbəz və tavanın mərkəzində yerləşdirilən baca vasitəsilə işıqlandırılıb.
Tikilinin planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik köməkçi otaqlardan ibarətdir. Otaqları qızdırmaq üçün samandan və odundan istifadə ediblər. Saman ocağa qoyulduqdan sonra onun ağzı və bacası qapadılır. Yaranan istilik həm xəzinədəki suyu qızdırır, həm də hamamın döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyunma zalını qızdırır.
Kənd sakinlərinin dediklərinə görə, hamam 1940-1950-ci illərə qədər istifadə olunub. Burada həftənin müəyyən günləri qadınlar, müəyyən günləri isə kişilər çimiblər.
Nüsnüs hamamının ucqar ərazidə inşa olunması isə su mənbələri ilə əlaqələndirilir. Deyilənlərə görə, su dağın ətəyindəki bulaqdan saxsı borular vasitəsilə hamama gətirilib...
Zaman öz işini görüb. Hamamın salonları artıq yararsız hala düşüb, hovuzun, su anbarının (tulunbarın) üzəri toz qatları ilə örtülüb. Odur ki, Şərq memarlığı üslubunda inşa edilən bu unikal abidənin ciddi bərpaya ehtiyacı var.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Həsən Kərimov "Report"un yerli bürosuna bildirib ki, Ordubad rayonunda yerləşən 299 abidədən 200-ü Ordubad şəhərində yerləşir.
"Burada qoruğun yaradılması həmin abidələrin qorunması, tədqiqi və təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Və belə abidələrdən biri də Nüsnüs hamamıdır. Nüsnüs hamamı yerli əhəmiyyətli abidə olsa da, o, özünəməxsus həcm, plan və memarlıq quruluşu ilə digər abidələrdən seçilir. Həmin abidənin bərpası təmin ediləcək", - deyə nazirlik rəsmisi vurğulayıb.