Oktay Mir-Qasım: Rasim Balayev bacarıqlı aktyordur, amma idarəçilik, rəhbərlik səviyyəsi o deyil 

Oktay Mir-Qasım: Rasim Balayev bacarıqlı aktyordur, amma idarəçilik, rəhbərlik səviyyəsi o deyil  Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı konfrans keçirilib.
Mədəniyyət siyasəti
7 Mart , 2024 16:06
Oktay Mir-Qasım: Rasim Balayev bacarıqlı aktyordur, amma idarəçilik, rəhbərlik səviyyəsi o deyil 

Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı konfrans keçirilib.

Konfransda iki kino qurumunun birləşməsi və beləliklə Azərbaycan Kinematoqrafçılar İttifaqı adlı yeni birliyin yaradılması qərara alınıb.

Sözügedən tədbirdə birləşmə qərarının əleyhinə çıxış edən yeganə şəxs isə tanınmış kinorejissor, ssenarist, prodüser, ARKİ İdarə Heyətinin katibi Oktay Mir-Qasım olub.

Bununla bağlı “Report”un sualını cavablandıran Oktay Mir-Qasım proseslər barədə fikirlərini bölüşüb.

“Mən birləşmə təklifini qəbul edənlərin birincilərindən olmuşam. Söhbət seçicilərdən gedirdi. AKİ üzvlərinin sayı ARKİ üzvlərinin sayından qat-qat çox idi. Nisbət 3:1 idi. AKİ-nin fəalları və komandirləri ilə dəfələrlə üzbəüz oturub, danışmışıq. Onlara demişdik ki, gəlin seçkilərə hər iki tərəfdən eyni sayda heyət seçək ki, söhbət təmiz olsun. Razı olmadılar. Təklif etdik ki, halallıq olsun deyə, hər iki tərəfdən sədr seçək, həmsədrlər olsun – Şəfiqə Məmmədova və Rasim Balayev. Hesab etdik ki, Azərbaycan xalqının mentallığına yaraşan bir iş ola bilər. Halallıq yaxşı şeydir. Amma onlar yox dedilər. AKİ tərəfdən Əlisa Cabbarov adlı adam, əgər bunu tanıyan varsa dedi ki, belə olan halda öz namizədliyimi irəli sürəcəm. Bizim İdarə Heyəti buna getməməli idi. Çünki iş elə qurulmuşdu ki, ədalətli seçki aparmaq qeyri mümkün idi”, - O.Mir-Qasım deyib.

Rejissor qeyd edib ki, 1967-ci ildən Kinematoqrofçılar İttifaqının üzvü olub:

“Azərbaycanda vaxtilə bir Kinematoqrafçılar İttifaqı var idi. 1967-ci ildən mən də həmin ittifaqın üzvü idim. Sonradan müəyyən hadisələr baş verdi və mən oradan çıxdım. Bu, xoşagəlməz, hətta məncə, iyrənc hadisələr idi. Biz yeni qurum olan ARKİ yaratdıq. Digər qurum isə ləğv edilmədi, amma çox hörmətdən düşdü”.

O xatırladıb ki, yaratdıqları quruma Xalq artisti Şəfiqə Məmmədovanı sədr seçdilər. Kinorejissor birləşmə ideyasına ilkin olaraq müsbət yanaşdığını da diqqətə çatdırıb:

“Yaxşı ideya idi. Biz hamımız deyirdik, yazırdıq ki, birləşmə pozitiv addımdır. Sonra hər iki ittifaqın tərkibini müəyyənləşdirdik. Digər ittifaqın iclasda iştirak edəcək tərkibi isə getdikcə artırdı. İş orasındadır ki, uzun müddət AKİ-nin üzvlüyünə ekstra qəbul elan olunmuşdu. Onlar üzvlərinin sayını süni surətdə artırırdılar. Mən 1959-cu ildən kinodayam. Kino adamlarının demək olar ki, hamısını tanıyıram. Amma sözügedən seçki keçirilən salonda xeyli naməlum adamları gördüm. Onlar da mandatlarını çox böyük məmnuniyyətlə qaldırırdılar”.

O.Mir-Qasım Rasim Balayevin idarəçilik və rəhbərlik təcrübəsinin olmadığını deyib:

“Rasim Balayev bacarıqlı, məşhur aktyordur, amma idarəçiliyi bacarmır. Onun idarəçilik təcrübəsi yalnız bütün işlərin başında duran başqa bir şəxsin göstərişlərini icra etməkdir. O, sadəcə kağızlara qol çəkirdi. Bunu cəsarətlə deyirəm. Çünki mən onunla dostam, filmlərimdə də çəkilib. Uzun illərdir, eyni istiqamətdə çalışırıq. Amma düzünü demək lazımdır”.

Son xəbərlər

Orphus sistemi