Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Azərbaycan haqqında rəsm sərgisi açılıb.
“Report”un yerli bürosu xəbər verir ki, sərgidə Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdlərinin ərsəyə gətirdiyi əsərlər nümayiş etdirilib.
Mərkəzinin rəhbəri Alyona Bədəlova bildirib ki, ənənəvi olaraq keçirilən sərgidə bu il xüsusi ilə Azərbaycanın tarixi zəfərini tərənnüm edən hadisələr öz əksini tapıb. Şagirdlər həmçinin öz əsərlərində ölkəmizin zəngin tarixindən, əlverişli təbiətindən, mədəniyyətindən və milli adət-ənənələrimizdən bəhs ediblər:
“Mərkəzimizdə ABŞ-da yaşayan azərbaycanlı ailələrin övladları və amerikalı şagirdlər təhsil alır. Bizim art-studiyamız Azərbaycanda yaxşı tanınan heykəltəraş və rəssam Emin Quliyevin rəhbərliyi altında fəaliyyət göstərir. Şagirlərimiz ABŞ-da, qonşu ölkələrdə və Azərbaycanda sərgilərə qatılır və çoxsaylı mükafatlar alıblar. Onlar artıq 7 ildir ki, hər il Nyu-York və Bruklin meriyasında keçirilən sərgilərdə iştirak edilər. Art-studiyamızı qurmaqda məqsədimiz Amerikada yaşayan uşaqlara Azərbaycanı tanıtmaqdır.
Onlar Azərbaycan rəqsləri, təbiəti, gözəllikləri haqqında rəsimlər çəkirlər. Şagirdlər çəkdikləri əsərlərin hekayələrini bilirlər. Ona görə də, bizim seçdiyimiz mövzular Azərbaycan üçün olduqca aktual olur. Bu vəsilə ilə biz onları Azərbaycan haqqında məlumatlandırırıq. Ötən sərgimiz uzun illər düşmən tapdağında qalan tarixi torpaqlarımız və zəfərimizin simvolu olan Şuşaya həsr etmişdik. Sərgimiz çox böyük maraqla qarşılandı. Şagirdlərimiz dəfələrlə Bakıya gedib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkil etdiyi müsabiqələr qatılıb və mükafatlar qazanıblar. Onların uğurları məni çox sevindirir”.
A. Bədəlova deyib ki, “Mənim yolum” Uşaq və Gənclərin İnkişafı Mərkəzinin şagirdləri Nyu-Yorkda keçiriləcək növbəti sərgiyə hazırlaşır: “Növbəti sərgimiz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidə həsr olunub. Bu il görkəmli şair H.Cavidin anadan olmasının 140 ilidir və çalışırıq ki, bu vəsilə ilə şagirdlərimizə H.Cavid irsini tanıdaq”.