“Nəsil ağacı” sənədli filminin Özbəkistanda təqdimat mərasimi keçirilib

“Nəsil ağacı” sənədli filminin Özbəkistanda təqdimat mərasimi keçirilib Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusunda istehsal etdiyi “Nəsil ağacı” adlı sənədli filminin özbək dilind
Mədəniyyət siyasəti
9 Mart , 2024 12:00
“Nəsil ağacı” sənədli filminin Özbəkistanda təqdimat mərasimi keçirilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusunda istehsal etdiyi “Nəsil ağacı” adlı sənədli filminin özbək dilində nümayişi baş tutub.

“Report” xəbər verir ki, mərkəzdə keçirilən təqdimatda Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitetlərin tələbələri iştirak ediblər.

Filmin təqdimatından əvvəl Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgi baş tutub. Sərgidə Qərbi Azərbaycan ərazisində ölkəmizin tarixi, dini abidələri, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və s. mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.

Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyevdir.

“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.

Tədbirdə Mərkəzin direktoru Samir Abbasov xalqımızın əzəli torpaqları olan Qərbi Azərbaycan ərazilərində min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələri haqqında danışıb, ermənilər tərəfindən bir əsrdə 4 dəfə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiya edilməsini, onların öz yurd yerlərindən qovulmasını tarixi ədalətsizlik adlandırıb. S.Abbasov sonda soydaşlarımızın gec-tez öz doğma yurdlarına qayıdacağına inamını ifadə edib.

Filmin layihə rəhbəri və ssenari müəllifi Ayaz Mirzəyev öz çıxışında deyib ki, Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayaraq gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Filmin prodüseri Elnur Niftəliyev isə bildirib ki, filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb. Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulan sənədli filmdə kütləvi deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapıb.

Sonda çıxış edən Daşkənddə yaşayan soydaşlarımız, Göyçə mahalının Zod kəndindən olan Füzuli Qurbanov və Aşıq İlham Abdullayev doğma yurd-yuvaları ilə bağlı fikirlərini bölüşüblər. Onlar öz dədə-baba yurdlarına qayıdacalarına əmin olduqlarını bildiriblər.

“Nəsil ağacı” sənədli filminin Özbəkistandakı nümayişi çərçivəsində sənədli filmin yaradıcı heyəti ilə Özbəkistan Jurnalistlər Birliyində və Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasında görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi