Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır.
“Report”un xəbərinə görə, bunu mədəniyyət naziri Adil Kərimli Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, türk dünyası böyük bir ailədir: "Bizlər dövləti təmsil edən qurumlar olaraq bütün çağırışlara cavab verməli, türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırmalıyıq. Bu məsələdə UNESCO-nun təcrübəsini əsas götürərək sözügedən istiqamətlərdə ciddi addımlar ata bilərik. Vahid türk mədəni irsinin nümunələrinin tərtib edilməsi üçün sənədlərin hazırlanması istiqamətində addımlar atılacaq. Türk dünyası irsinin qorunması istiqamətində atılmalı olan addımlar prioritet olmalıdır".
A.Kərimli bildirib ki, türk mədəni irsinin qorunması və bərpası istiqamətində birgə fəaliyyətin olması vacib məqamlardan biridir: "Biz bu sahədə atacağımız addımların bütün dünyaya nümunə olması üçün çalışmalıyıq. İnanıram ki, həmkarlarımız da bu istiqamətdə birgə fəaliyyət göstərəcək və gələcəkdə ortaq platformaların yaradılmasına nail olacağıq".
Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.