Bakı. 7 mart. REPORT.AZ/ "Bu il muğam festivalında iştirak etmək üçün Azərbaycana 15 ölkədən qonaq gələcək".
"Report" xəbər verir ki, bunu "Muğam aləmi" 5-ci Beynəlxalq Festivalı çərçivəsində "Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən elmi simpoziumda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, indi 80 iştirakçının festivala qatılacağı təsdiqlənib: "Bakıya 100-ə qədər iştirakçının gələcəyi gözlənilir. Bunlar arasında alimlər, tədqiqatçıar və ifaçılar var".
O əlavə edib ki, festival müddətində yalnız Bakıda deyil, Gəncədə yeni tikilən Gəncə Filarmoniyasında da ilk dəfə silsilə tədbirlər keçiriləcək: "Sabahdan etibarən orada çox maraqlı proqram təqdim olunacaq. Azərbaycanın bütün mühüm mədəniyyət ocaqlarında muğam öz rəngarəngliyi ilə təqdim olunacaq. Festival ölkənin bütün regionlarında öz əks-sədasını tapacaq".