Multikultural ölkə olan Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunması, təmir və bərpası bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindədir.
Azərbaycan Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, bunu mədəniyyət naziri Adil Kərimli Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzinin (ICCROM) baş direktoru Aruna Françeska Maria Gujral ilə görüşündə deyib.
Bildirilib ki, Azərbaycan həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə bir sıra dinlərə mənsub yerli və beynəlxalq səviyyədə abidələrin, ziyarətgahların bərpasına mühüm töhfələr verir.
ICCROM-un baş direktoru noyabr ayında Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakından və keçirdiyi görüşlərdən məmnunluğunu bildirib.
O, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini, COP29-un uğurla nəticələndiyini deyib.
Görüşdə Azərbaycanın ICCROM-la əməkdaşlığı ilə bağlı müzakirə aparılıb.