Yuxarı

“Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı başa çatıb - FOTO

vqustun 26-da axşam Şəki şəhərindəki Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub

Bakı. 27 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “ALMUS Production” şirkətinin təşkilatçılığı ilə avqustun 22-də Şəkidə başlanan “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı uğurla başa çatıb.

Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşan bu ritm bayramında ölkəmizlə yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ritm ifaçıları iştirak ediblər.

Avqustun 26-da axşam Şəki şəhərindəki Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub.

Mərasimdə “Natiq ritm” qrupu maraqlı konsert proqramı ilə çıxış edib.

Azərbaycanın tanınmış nağara ifaçısı, Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi qrup 2001-ci ildə yaradılıb. Qrup indiyədək Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Hollandiya, Türkiyə, Tayvan, Cənubi Koreya, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və digər ölkələrdə keçirilən nüfuzlu festival və tədbirlərdə iştirak edib, solo konsertlər verib. 2011-ci ildə Cənubi Koreyada keçirilən “Geumsan World Percussion Performance Art Festival-2011” festivalında iştirak edən “Natiq ritm” qrupu həmin tədbir çərçivəsində keçirilən yarışmada 54 dövlət arasında birincilik qazanaraq “World Grand Prize” mükafatını Azərbaycana gətirməyə müvəffəq olub.

Konsert proqramı Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in melodiyası əsasında hazırlanan ritm kompozisiya ilə başlanıb.

Mərasimdə qrupun təqdim etdiyi xalq mahnı və rəqslərdən ibarət kompozisiyalar, şən və oynaq ritmlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramının sonunda festivalın digər iştirakçıları – Özbəkistanın “Abbos”, Türkiyənin “İstanbul Harem” və İranın “Lian” musiqi qruplarının üzvləri səhnəyə çıxaraq “Natiq ritm” qrupu ilə birlikdə yenidən öz məharətlərini nümayiş etdiriblər.

Festivalın bağlanış mərasimində şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 2015-ci ildə Şəkidə sayca üçüncü beynəlxalq festivalın uğurla başa çatdığını, “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının şəhərin mədəni həyatında çox mühüm hadisə olduğunu vurğulayıb, festivalın keçirilməsində zəhməti olan bütün qurumların təmsilçilərinə, musiqi kollektivlərinə şəkililər adından minnətdarlığını bildirib.

Mərasimin sonunda festivalda iştirak edən musiqi qruplarına Şəki Şəhər İcra Hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi