Multikulturalizm Mərkəzi və Kərkük Mədəniyyət Dərnəyi arasında memorandum imzalanıb

Multikulturalizm Mərkəzi və Kərkük Mədəniyyət Dərnəyi arasında memorandum imzalanıb Multikulturalizm Mərkəzi və Kərkük Mədəniyyət Dərnəyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Mədəniyyət siyasəti
2 Noyabr , 2023 16:02
Multikulturalizm Mərkəzi və Kərkük Mədəniyyət Dərnəyi arasında memorandum imzalanıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Kərkük Mədəniyyət Dərnəyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Report"a mərkəzin Mətbuat xidmətindən məlumat verilib.

İmzalanma mərasimində çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, İraq türkmənləri ilə azərbaycanlıları eyni mədəniyyət və tarixi köklər bağlayır: "Qarşımızda duran əsas məqsədlərdən biri mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməkdən ibarətdir. Gələcəkdə bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik".

Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. BBMM ilə Kərkük Mədəniyyət Dərnəyinin imzaladığı memorandumun başlanılmış işin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, memorandumun məqsədi türk xalqlarının mədəni birliyinin möhkəmləndirilməsinə töhfə verilməsi, o cümlədən İraq ərazisində tarixən məskunlaşmış və hazırda da orada yaşayan türkmənlərlə mədəni əlaqələrinin genişləndirilməsi, ortaq tarixi ənənələrin, etnik mədəni-mənəvi dəyərlərin qarşılıqlı şəkildə öyrənilməsi və təbliğidir.

Memorandum çərçivəsində mədəniyyət, elm, təhsil, mədəni irsin öyrənilməsi və təbliği sahələrində təcrübə mübadiləsi aparılacaq. Azərbaycanda İraq türkmənlərinin, İraqda isə Azərbaycan xalqının tarix və mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi abidələri, adət-ənənələri təbliğ olunacaq. Azərbaycan xalqının və İraq türkmənlərinin maddi və qeyri-maddi mədəni irsinin öyrənilməsi, qarşılıqlı təbliği üzrə birgə elmi layihələr həyata keçiriləcək. Tərəflər arasında mütəxəssis və tələbə mübadiləsi aparılacaq, birgə forumlar, seminarlar, konfranslar, mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi