Moskvada Vaqif Səmədoğlunun xatirə gecəsi keçirildi - FOTO

Moskvada Vaqif Səmədoğlunun xatirə gecəsi keçirildi - FOTO Rusiyanın paytaxtı Moskvanın “Jurnalistlər evi”ndə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Mədəniyyət siyasəti
13 Mart , 2020 07:08
Moskvada Vaqif Səmədoğlunun xatirə gecəsi keçirildi - FOTO

Rusiyanın paytaxtı Moskvanın “Jurnalistlər evi”ndə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, həmçinin Beynəlxalq Türk mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən gecədə hər iki ölkənin tanınmış nümayəndələri iştirak ediblər.

Ədəbi gecə Xalq şairi Vaqif Səmədoğlunun həyatından bəhs edən filmin nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, şairə Afaq Şıxlı və digər şəxslər Xalq şairinin yaradıcılıq yoluna nəzər salıb, yubiley gecəsinin Moskvada keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “Report”a açıqlamasında rus dili vasitəsi ilə Vaqif Səmədoğlunun yaradıcılığı haqqında digər xalqlara məlumat verməyin vacibliyini qeyd edib. “Moskvada Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş bu gecə çox vacibdir. Ona görə vacibdir ki, Vaqifi rus oxucusuna tanıtdırmalıyıq. Rus oxucusunun bir hissəsinin onu tanımasına baxmayaraq, rus dili vasitəsi ilə digər xalqların nümayəndələrinin də unudulmaz şairimizin yaradıcılığı ilə daha yaxından bələd olmasını istəyirik”, - deyə Anar bildirib.

Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova isə “Report”a açıqlamasında Sankt-Peterburq şəhərində Vaqif Səmədoğlunun foto sərgisinin təşkil edildiyini deyib. “Bildiyiniz kimi, Vaqif Səmədoğlu həm də foto sənətini sevirdi. Onun bu sahədə istedadı vardı. Vaqifin arzusu bu idi ki, fotosərgisi təşkil olunsun. Biz bu arzunu yerinə yetirdik. Rusiyanın Sankt-Peterburq şəhərində, Dostoyevskinin ev muzeyində Vaqif Səmədoğlunun fotosərgisi təşkil edildi.

Sərgi mart ayının 31-ə kimi davam edəcək. Moskvada isə onun yubileyinə həsr olunmuş yaradıcılıq gecəsini keçiririk. Bu o deməkdir ki, Vaqif Səmədoğlu yaratdığı əsərlərlə indi ikinci həyatını yaşayır”, - deyə, o qeyd edib.

Tədbir bədii hissə ilə davam edib. Rusiyanın Boris Şukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələrinin Vaqif Səmədoğlunun əsərlərinin ifası gecə iştirakçılarının alqışları ilə qarşılanıb.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirmişdi. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır.


Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.
2000 və 2005-ci illərdə iki dəfə Azərbaycanın Milli Məclisinə deputat seçilib.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. Bakıda, Birinci Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Orphus sistemi