Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə elmi konfrans baş tutub

Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə elmi konfrans baş tutub Moskvada “Musiqi dünyası” Beynəlxalq Elmi Musiqi Jurnalının 25 illiyi münasibətilə “Musiqi dünyası – 2024. İnformasiya, kommunikasiya, yaradıcılıq” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Mədəniyyət siyasəti
15 Oktyabr , 2024 16:56
Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə elmi konfrans baş tutub

Moskvada “Musiqi dünyası” Beynəlxalq Elmi Musiqi Jurnalının 25 illiyi münasibətilə “Musiqi dünyası – 2024. İnformasiya, kommunikasiya, yaradıcılıq” mövzusunda beynəlxalq elmi konfrans baş tutub.

"Report"un Rusiya bürosunun məlumatına görə, iki gün davam edəcək tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Rusiya Dövlət İncəsənət Tarixi İnstitutu, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının iştirakı ilə təşkil olunub.

BMA-nın rektoru Fərhad Bədəlbəyli konfransda çıxış edərək bildirib ki, “Musiqi dünyası”nın ilk nüsxələri Azərbaycan tarixinin çətin dövrlərində işıq üzü görüb. Fərhad Bədəlbəyli elm, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılmasının maarifçilik sahəsində mühüm amil olduğunu diqqətə çatdırıb.

Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov BMA ilə tarixi qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb.

“Musiqi dünyası” jurnalı Moskva Konservatoriyasının kitabxanasında sevilərək oxunulan nəşrlərdən biridir. Jurnalda həmkarlarımızın elmi araşdırmaları, dünya musiqi aləmində baş verən yeniliklər yer alır. Bu, əlbəttə, bizim üçün çox maraqlıdır”, - A.Sokolov bildirib.

Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynli isə jurnalın maraqlı elmi məqalələr, resenziyalar, musiqi həyatı ilə bağlı müxtəlif məlumatları geniş oxucu kütləsinə çatdırdığını qeyd edib.

Jurnalın baş redaktoru və naşiri Tariyel Məmmədov nəşrin yaranma tarixi, fəaliyyətindən danışaraq bildirib ki, “Musiqi dünyası”, eyni zamanda, Nəşriyyat Mərkəzidir. Burada çoxjanrlı və müxtəlif istiqamətli 46 WEB sayt birləşib. Mərkəzin mütəxəssisləri hazırda dörd yüzə yaxın qədim qrammofon valınının bərpası üzərində çalışırlar. Redaktor jurnalın zəngin arxivi barədə də məlumat verib.

Tədbirdə N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasının rektoru Vadim Dulat-Aleyev, Rusiya Dövlət Sənətşünaslıq İnstitutunun direktoru Natalya Sipovskaya, Heydər Əliyev Fondunun Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova, Rusiya Dövlət Sənətşünaslıq İnstitutunun baş aparıcı mütəxəssisi, sənətşünaslıq doktoru Gültəkin Şamilli və başqaları çıxış edərək müasir dövrdə informasiya kommunikasiyalarının mədəniyyət sahəsinə töhfələrindən söz açıblar.

Qeyd edək ki, 1999-cu ildən nəşr olunan “Musiqi dünyası” Beynəlxalq Elmi Musiqi jurnalı 25 il ərzində Rusiya Elmi Sitat İndeksinin reyestrinə daxil edilmiş musiqi nəşrlərinin daimi beynəlxalq tərəfdaşı olub, Rusiyada və digər xarici ölkələrdə alimlər arasında əməkdaşlıq platforması rolunu oynayıb.

Son xəbərlər

Orphus sistemi