Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, rəssam Bayram Salamovun fərdi sərgisi açılıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, “Şəhərlərin melodiyası” adlı sərgidə rəssamın 20-dən çox unikal əsəri nümayiş olunur.
Pavilyonun direktoru Səadət Kadırova sərginin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunduğunu vurğulayıb: “B.Salamovun rəsmləri rəngarəng, parlaq və uşağın dünyaya baxışını çatdırır. Rəssam rəng sxemləri və maraqlı süjetləri ilə tamaşaçılara Azərbaycan haqqında məlumat verir”.
Rəssam B.Salamov çıxışı zamanı sərginin təşkilinə görə pavilyonuna təşəkkürünü bildirib, Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini qeyd edib.
Qeyd edək ki, B.Salamov Azərbaycanın Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.
Əsərləri Rusiyanın bir çox şəhərlərində, o cümlədən Azərbaycan, Almaniya, İtaliya, Çexiya və Kiprdə keçirilən sərgilərdə nümayiş etdirilib.