Moskvada “Helikon Operası"nın səhnəsində mayın 15-də “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert proqramı keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə keçirilən konsertdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiya ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Gecəni Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu giriş sözü ilə açaraq konsert proqramının təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və “Helikon Opera”nın rəhbərliyinə minnətdarlığını bildirib:
“Bu yaxınlarda Bakıda 110 ölkənin iştirak etdiyi böyük dünya forumu keçirilib. Ən böyük heyəti Rusiya Federasiyasından idi. Çoxlu planlarımız, çox gözəl ideyalarımız var və əminəm ki, onlar həyata keçəcək”.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu yaxınlarda Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında görüş keçirildiyini xatırladıb: “Bu görüş daha çox Azərbaycan xalqının lideri, Baykal-Amur magistral layihəsinin uğurunu təmin etmiş şəxslərdən biri olan Heydər Əliyevin xatirəsinə həsr olunmuşdu. Azərbaycan torpağı Mstislav Rostropoviç, Polad Bülbüloğlu, Qara Qarayev, Tahir Salahov kimi şəxsiyyətlər yetirib. Böyük şəxsiyyətlərimiz Azərbaycanda Rusiya mədəniyyətini təmsil edirdilər”.
“Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert proqramı ilə davam edib. “Helikon Operası”nın səhnəsində tamaşaçılar “dostluq” anlayışının musiqi ilə təcəssümünü izləyiblər. Azərbaycan və Rusiyanın istedadlı və tanınmış ifaçılıq sənəti ustaları bəstəkarların dünya şöhrətli əsərlərini ifa ediblər.
Moskva səhnəsində Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov və gənc dirijor Murtuza Bülbülün rəhbərliyi ilə “Helikon Opera” orkestrinin müşayiəti ilə aşağıdakı şəxslər çıxış ediblər: Azərbaycan Respublikanın Xalq artistləri Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva, Əvəz Abdulla, Murad Adıgözəlzadə, əməkdar artistlər Elnarə Məmmədova, Emil Əfrasiyab, Ramil Qasımov, İlham Nəzərov və digərləri.
Gecədə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Rusiya və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Gecə Elçin Əzizovun və bütün konsert iştirakçılarının ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.