Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə fevralın 20-dən martın 1-dək Moskvada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
“Report”un Rusiya bürosu xəbər verir ki, tədbirin təşkilatçısı Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyidir.
Tədbirin məqsədi moskvalıları və şəhərin qonaqlarını Azərbaycanın tarixi və mənəvi irsi ilə tanış etməkdir.
Fevralın 22-də “Gelikon-opera” Teatrında “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı bayram konserti keçiriləcək.
Konsertdə çıxış edəcək Azərbaycanın Xalq və Əməkdar artistləri Azərbaycan və Rusiya klassiklərinin şedevrlərini ifa edəcəklər. Musiqili proqramın iştirakçıları sırasında “Böyük Teatr”ın solistləri Yusif Eyvazov, Dinara Əliyeva, Elçin Əzizov, pianoçu Murad Adıgözəlov və dirijor Fuad İbrahimov da olacaq.
Fevralın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda “Azərbaycan xalçası – yeni baxış” adlı sərgi açılacaq.
Pavilyonda həmçinin “Dildən dilə” adlı ədəbi layihə təşkil ediləcək. Bu layihə çərçivəsində Rusiyanın mədəniyyət və incəsənət xadimləri onlayn formada “Yeddi gözəl” poemasından nümunələr səsləndirəcəklər.
Fevralın 23-də həmçinin Tretyakov Qalareyasında “Xalq rəssamı” Tahir Salahovun rəsmlərindən ibarət kompozisiya nümayiş olunacaq.