Bakı. 27 noyabr. REPORT.AZ/ Tanınmış meksikalı piano ifaçısı Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.
Mərkəzdən "Report"a verilən məlumata görə, tədbir Meksikanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
Səfir Xuan Rodrigo Labardini tədbirin iki ölkə və xalqın yaxınlaşması, mədəniyyət və incəsənətlərinin qarşılıqlı tanıdılması məqsədilə keçirildiyini deyib.
Musiqi gecəsində İohann Sebastyan Bax, Lüdviq van Bethoven və Frederik Şopen kimi dünya klassiklərinin, habelə Meksikanın tanınmış bəstəkarlarının əsərləri səslənib.
Qeyd edək ki, Xesus Lepe Riko bir sıra milli mükafatlara layiq görülüb. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. 2011-ci ildən bu günə kimi Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.