Yuxarı

Meksikada “Azərbaycanın təqdimatı” tədbiri keçirilib - FOTO

Tamaşaçılara “Azərbaycan haqqında” videoçarx nümayiş etdirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən “Naucalli” parkının mədəniyyət sarayında “İnstituto de Cultura y Parque Naucalli”-nin təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə “İpək Yolu” (La Ruta De La Seda) adı altında “Azərbaycanın təqdimatı” tədbiri keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, təqdimatı giriş sözü ilə açan səfirliyin müvvəqəti işlər vəkili Mehriban Səmədova bu kimi tədbirlərin müasir qloballaşma dövründə planetin ayrı-ayrı hissələrində yerləşən iki ölkə və Amerika ilə Avrasiya kimi iki nəhəng gitə arasında informasiya və fikir mübadiləsinin aparılmasında tərəflərin bir-birini kənar təsirlərin müdaxiləsi olmadan daha yaxından tanıması üçün bir körpü olduğunu auditoriyanın diqqətinə çatdıraraq, Azərbaycanın gənc bir respublika olmasına baxmayaraq çox zəngin, qədim tarix və mədəniyyətə malik olduğunu qeyd edərək ölkəmizin ictimai-cografi mövqeyi barədə ətraflı məlumat verib.

O, həmçinin bildirib ki, Azərbaycan dini mənsubiyyət baxımından müsəlman olkəsi olmaqla yanaşı tarixən qərblə yaxın əlaqələrə malik olmuş, bu da bizim mədəni irsimizdə Avropa və Asiyaya mənsub olmuş adət və ənənələrin varisliyinin qorunub saxlanmasında öz əksini tapmışdır. Azərbaycanın tarixən qədim ticarət yolları o cümlədən, “İpək Yolu” üzərində yerləşən bu ölkənin hazırki geosiyasi durumda Avropa və Asiya qitələri arasinda körpü kimi yenidən mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurgulayıb.

Daha sonra tamaşaçılara “Azərbaycan haqqında” videoçarx nümayiş etdirilib. Vidoçarxda Azərbaycanın zəngin tarixi və mədəniyyəti, xalqımızın ağır sınaqlara məruz qaldığı dövrlər, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multukulturalizm mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlıqa dair prinsiplərə sadiqlik, idman və mədəniyyət sahəsində keçirilmiş beynəlxalq tədbirlər (Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula1” idman yarışı, müxtəlif musiqi festivalları) ölkəmizin turizm imkanları barədə geniş məlumat yer alıb.

Sonra Mexikoda fəaliyyət göstərən Nour Said folklor qrupu tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından və digər şərq xalqlarının repertuarından rəqslər ifa olundu.

Proqramın növbəti hissəsində tərkibi əsasən həmvətənlərimizdən ibarət olan uzun illər Meksikada fəaliyyət göstərən simfonik orkestrin ifasında Üzeyir Hacıbəyovun, Cövdət Quliyevin və Azərbaycanın digər bəstəkarlarının əsərlərindən ibarət konsert verilmişdir.

Sonda M.Səmədova Naucalli Parkının baş aşbazlarına ispan dilində çap olunmuş “Azərbaycan milli mətbəx nümunələri” kitablarını təqdim etmiş və Naucalli parkinin direktoru ilə birlikdə orkestr üzvlərinə təşəkkürünü bildirib. Eyni zamanda Naucalli parkının rəhbərliyi tərəfindən orkestrin üvlərinə tamaşaçıların alqışları altında gül dəstələri və sertifikatlar təqdim edilmişdir.

Konsert zalına girişdə Azərbaycana aid təşkil olunmuş stenddə səfirliyin sərəncamında olan tarixi eksponatlar, suvenirlər və Azərbaycan haqqında çap materialları o cümlədən turizm imkanları barədə bukletlər, jurnallar, broşuralar nümayiş etdirilib 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi