Nazirlik turistlərin Bakıda rahat hərəkəti üçün proqram təminatı hazırlayıb

Nazirlik turistlərin Bakıda rahat hərəkəti üçün proqram təminatı hazırlayıb Əcnəbilərin istədikləri yerləri asanlıqla tapa bilmələri məqsədilə GoMap.az naviqasiya sistemi əsasında mobil qurğular üçün proqram təminatı yaradılıb
Mədəniyyət siyasəti
14 İyun , 2015 17:33
Nazirlik turistlərin Bakıda rahat hərəkəti üçün proqram təminatı hazırlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunları dövründə turistlərin Bakı şəhərində rahat hərəkət etmələri və istədikləri yerləri tapa bilmələri məqsədilə GoMap.az naviqasiya sistemi əsasında mobil qurğular üçün proqram təminatı hazırlayıb.

"Report" xəbər verir ki, proqram İOS və Android sistemləri üzərində işləyən qurğulara yüklənə bilər. Proqramı yükləmək üçün gomap.az/apps ünvanından istifadə etmək olar. Naviqator həm avtomobil, həm də piyada hərəkəti zamanı istənilən məntəqəni göstərir. Bu zaman naviqator hansı yollardan istifadə etməyi, yol hərəkəti nişanlarına riayət etməyi, lazım olan yerdə dönməyi vizual olaraq göstərir. Həmçinin, ətrafda olan restoran, muzey və digər obyektlər haqqında da məlumatdan istifadə edilə bilir.

Nazirlikdən bildirilib ki, www.gomap.az dünyaca məşhur olan onlayn xəritə sistemlərinə bənzər onlayn naviqasiya xidmətlərini göstərir. Sayt nəinki bu və ya digər obyekt və küçənin harada yerləşdiyini göstərir, birbaşa öz yerini təyin etmək xüsusiyyəti, mobil versiyadan yararlanmaq, hətta turist marşrutlarını və müəssisələrin geniş kataloqunu da nəzərdən keçirməyə imkan verir.

Regional elektron xəritə və naviqator "GoMap" "Bakı 2015" Avropa Oyunları üçün yeni servisləri təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi ilə yaradılmış "GoMap.Az"da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilib və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.

"Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı xəritələrlə yaxın tanışlıq bu link ilə (gomap.az/baku2015) mümkündür.

Yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaq.

Həmçinin, ilk Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən (gomap.az/apps) hər bir istifadəçi proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı vəziyyəti də izləmək olar.

Yeni servislərdən biri də Bakı şəhərində yollardakı vəziyyət haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir "GoMap.Az" istifadəçisi Azərbaycanın yollarında olan vəziyyətlə tanış ola bilər.

Hazırda "GoMap.Az" elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118 000 maraq nöqtəsi (POİ), 5 000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min avtomobil yolları, 40,9 min km2 meşə, çəmənlik, park və yaşıllıq zonası, 54,6 min km çay, kanallar, su ötürücüləri, 3,8 min km dəmir yolu, 959,5 min km göllər, dənizlər və su anbarları əks etdirilib.

Son xəbərlər

Orphus sistemi