Bakı. 1 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2017-cı il üçün müsabiqə elan edir.
Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2017-cı il üçün Mədəniyyət və Turizm Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir:
- 1.“İslam Həmrəyliyi İli” çərçivəsində layihələrin hazırlanması
- 2.Bakı 2017 “Formula 1” Qran Prisi və Ticarət (“shopping festival”) festivalları ilə bağlı mədəni tədbirlərin təşkili
- 3.Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrinin keçirilməsi
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2017-ci ilin martın 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə nazirliyə təqdim etməlidirlər:
- 1.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
- 2.QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- 3.Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
- 4.Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
- 5.Tədbirin keçiriləcəyi yer və tarix;
- 6.Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
- 7.Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.