Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir.
Nazirlikdən "Report"a verilən məlumata görə, Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq.
Bura “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” daxildir.
Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkədə “Şuşa İli” elan olunub.